Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İT sənaye maqnatları dünyanın ən zəngin insanlarının reytinqinə başçılq edir
ABŞ-ın Forbes jurnalı çərşənbə axşamı dünyanın ən varlı adamlarının illik reytinqini dərc edib və informasiya texnologiyaları, eləcə də onunla əlaqədar sahələr yenidən yüksək mövqelərdə qərarlaşaraq siyahının digər iştirakçılarını geridə qoyub.
“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, Cənubi Amerikanın mobil operatoru "America Movil" şirkətinə rəhbərlik edən və Avropanın mobil operatorlarında pay sahibi olan meksikalı telekommunikasiya maqnatı Karlos Slim Elu artıq ardıcıl olaraq dördüncü ildir reytinqdə birinci yeri tutur. Onun şəxsi aktivləri 73 milyard dollar məbləğində qiymətləndirilir.
"Microsoft" korporasiyasının yaradıcısı Bill Qeyts 67 milyard dollarlıq kapitalla ikinci yerdə qərarlaşıb, "Oracle" şirkətinin sahibi Larri Ellison isə 43 milyard dollarla beşinci yerə layiq görülüb.
Siyahıda üçüncü və dördüncü yerləri müvafiq olaraq 57 milyard dollarla Inditex ticarət şirkətinin təsisçisi, Zara geyim markasının sahibi Amansio Orteqa və səhmdar Uorren Baffet (53,5 milyard dollar) tutub.
Bundan başqa, dünyanın 20 ən varlı adamı siyahısına "Amazon" internet-mağazasının təsisçisi Cef Bezos (25,2 milyard dollar) və "Google" şirkətinin baş direktoru Larri Peyc (23 milyard dollar) daxildir.
Emil Hüseynov
05/03/13 Çap et