Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzləşmiş Avtomatik Radiomonitorinq şəbəkəsi üçün müvafiq infrastruktur tikilib


Mərkəzləşmiş Avtomatik Radiomonitorinq şəbəkəsinin yaradılması üçün işlər davam etdirilir.

Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev bildirib ki, Bakı şəhəri və Abşeron yarımadasında ilkin olaraq 3 stasionar və 1 mobil radiomonitorinq məntəqələri təşkil ediləcək. Onun sözlərinə görə, Bakı şəhərində ilkin olaraq İdarəetmə Mərkəzinin qurulması üçün Abşeron rayonunun Mehdiabad qəsəbəsində ayrılmış ərazidə tikinti işləri aparılır. Artıq idarəetmə mərkəzi və efirə radionəzarət məntəqəsi üçün müvafiq infrastruktur tikilib.

Yeni Günəşlidə efirə radionəzarət məntəqəsi üçün ofis alınıb və lazımi işlər görülüb. Sahil qəsəbəsində mövcud efirə radionəzarət məntəqəsi beynəlxalq standartlara uyğun olduğundan burada yalnız avadanlıqlar müasirləşdiriləcək.

Bu məqsədlə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan vəsait hesabına və Satınalmalar üzrə Dövlət Agentliyinin müvafiq razılıq məktubu əsasında ilkin mərhələdə Bakı və Abşeron yarımadasında 2 stasionar, 1 mobil və idarəetmə mərkəzi avadanlıqlarının alınıb qurulması məqsədilə qapalı tender keçirilib və tenderin qalibi “Sinam” MMC olub.

Baş mühəndis bildirib ki, stasionar məntəqələrdə ilkin olaraq 40 QHs-ə qədər radiomonitorinq və pelenqasiya, 18 QHs-ə qədər olan genişzolaqlı və müxtəlif modulyasiyalı radiosiqnalların (Məs: TV, FM, GSM, CDMA, WiMax, WiFi, Trank, DVB-T və s.) analiz-təhlil imkanlarının olması nəzərdə tutulub (Gələcəkdə genişlənmə imkanları olmaqla). Həmçinin stasionar məntəqələrin İdarəetmə mərkəzindən idarə edilməsi və məntəqələrarası məlumatların sürətli mübadiləsi üçün optik rabitə təşkil olunacaq.

Mobil stansiyada ilkin olaraq 44 QHs-ə qədər radiomonitorinq və pelenqasiya və 18 QHs-ə qədər olan genişzolaqlı və müxtəlif modulyasiyalı radiosiqnalların analiz-təhlil imkanlarının olması nəzərdə tutulub.

Qeyd olunan işlər üzrə tenderin qalib şirkəti ilə müqavilə bağlanılmış və müqavilə üzrə 2013-cü ilin dekabrında bu mərhələ üzrə işlərin sona çatdırılması nəzərə tutulur.

RƏVAN




05/03/13    Çap et