Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü il üzrə internet istifadəçilərinin sayı açıqlanıb


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "2013-cü il: İKT sektoruna aid fakt və rəqəmlər" adlanan hesabatına əsasən, 2013-cü ilin sonunadək internetdən 2.7 milyard insan və ya planet əhalisinin 39%-i istifadə edəcək.

Bununla belə, inkişaf etməkdə olan ölkələrdə internetə çıxış imkanı məhdud olaraq qalacaq. Proqnoza əsasən, 2013-cü ilin sonunda bu ölkələrin əhalisinin yalnız 31%-i internetdən istifadə edəcək. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu göstərici 77%-dir.

Avropada internetin nüfuzetmə səviyyəsi 75% olacaq ki, bu da Asiya-Sakit okean (32%) və Afrika (16%) regionunu çox üstələyir. İspaniyanın Barselona şəhərində keçirilən Dünya Mobil Konqresində çıxış edən BTİ-nin baş katibi Hamadun İ.Ture deyib:

"Biz yeni əsrin ilk onilliyində böyük nəticələrə nail olduq. Bununla belə, hələ görüləsi çox işimiz var. Planetin əhalisinin 66%-i (təxminən 4,5 milyard insan) əvvəlki kimi internetə çıxış imkanına malik deyil. Bu o deməkdir ki, planetin əhalisinin 66%-i hələ də dünyanın ən böyük və qiymətli kitabxanasından istifadə imkanından məhrumdur. Problemin həlli yollarından biri mobil genişzolaqlı rabitədir və biz planetin bütün əhalisinin internetə çıxış imkanını təmin etmək üçün göstərdiyimiz səyləri davam etdirməliyik".

Həmçinin hesabatda ilk dəfə olaraq internetdən istifadə edən qadın (1.3 milyard) və kişilərin (1.5 milyard) qlobal sayı açıqlanıb. Lakin gender bərabərsizliyi daha çox inkişaf etməkdə olan ölkələrdə özünü büruzə verib. Belə ki, inkişaf etməkdə olan ölkələrdə internetdən istifadə edən qadınların sayı kişilərdən 16% geridir.

Müqayisə üçün bildirək ki, inkişaf etmiş ölkələrdə bu göstərici 2%-ə bərabərdir. Buna baxmayaraq, gender bərabərsizliyi azalmağa doğru gedir, çünki mobil texnologiyalar getdikcə qadınlara daha əlçatan olur.

Emil Hüseynov




06/03/13    Çap et