Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Güclü qar nəticəsində cənub bölgəsində rabitə ilə bağlı yaranan problemlər aradan qaldırılır


Ölkənin cənub bölgəsinə yağan güclü qar rabitə sahəsinə də bəzi problemlər yaradıb. "ICTnews" elektron xəbər xidmətinin verdiyi məlumata görə, Lerik və Yardımlı rayonlarının mərkəzində qarın hündürlüyü 30-35, ucqar ərazilərdə isə 40-50 sm-ə çatıb.

Bölgədə qarın ağırlığına tab gətirməyən rabitə dirəkləri aşıb, bəzi abunəçi naqilləri qırılıb. Nəticədə Lerikin, Yardımlının bir çox kəndlərində abunəçilərin telefonlarının işində bəzi problemlər yaranıb. Hazırda hər iki rayonun kəndlərlə birləşdirici xətlərində heç bir problem yoxdur.

Telekommunikasiya Qovşağının əməkdaşları və cənub bölgəsi üzrə rabitə qəza dəstələri abunəçilərin telefonlarının bərpası ilə məşğuldurlar. Verilən son məlumata görə, bir çox kəndlərdə aparılan son tamamlanma işləri istisna olmaqla ümumi rabitə sahəsində heç bir problem yoxdur.

Güclü qar Lənkəran-Lerik şose yolunda günorta saatlarında bir neçə yerdə uçqunlara da səbəb olub. Ən ciddi problem yolun 17-ci kilometrliyində yaranıb.

Belə ki, burada iri qaya parçasının yola düşməsi nəticəsində magistralda nəqliyyatın intensiv hərəkətində çətinliklər yaşanıb. 43 saylı Lerik Rayon Yol İstismar Sahəsinin qəza briqadası torpaq və qaya parçalarını yoldan təmizləməklə yolda nəqliyyatın hərəkətini bərpa edib.

RƏVAN




07/03/13    Çap et