Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya MDB ölkələrinə biopasportların qeydiyyat sistemini təqdim edəcək


Rusiya Prezident Administrasiyasının informasiya texnologiyaları və elektron demokratiyanın inkişafı idarəsinin rəisi Andrey Lipov hökumətə MDB ölkələrinə pasport-viza sənədlərinin nəzarət və qeydiyyat uçotu üçün informasiya sistemlərini verməyi təklif edib.

Rusiya prezidenti Vladimir Putinin tapşırığına əsasən, 2015-ci ildən gec olmayaraq bütün MDB ölkələrinin vətəndaşları, Belarus ilə Qazaxıstan istisna olunmaqla, Rusiyaya xarici pasportlarla daxil ola bilərlər.

"ICTnews" elektron xidməti "Comnews" saytına istinadən bildirir ki, bir sıra MDB ölkələri hazırda biometrik pasportların hazırlanmasında çətinlik çəkirlər. V.Putinin tapşırığına görə, Rusiya hökuməti 2014-cü il martın 1-dən MDB ölkələri hökumətləri ilə ölkəyə yeni giriş qaydasının tətbiqi ilə bağlı danışıqlar keçirməlidir. V. Putin, lazım olduğu halda bəzi ölkələrə xarici pasportların blanklarının hazırlanmasında maliyyə və texniki köməyin göstərilməsi ilə bağlı göstəriş verib.

Rusiyada biometrik pasportların verilməsinə 2005-ci ildən başlanılıb, digər MDB ölkələrində bu proses təzə başlayıb və ya hazırlıq işləri aparılır.

Azərbaycanda və Tacikistanda biometrik pasportlar 2013-cü ildə başlanacaq. Rusiyalı mütəxəssislər özlərinə məxsus pasport-viza sənədlərinə nəzarət texnologiyalarının MDB ölkələrində tətbiqində maneə görmürlər, lakin informasiya təhlükəsizliyinin təmin edilməsi şərti ilə.

Biometrik pasportların hazırlanmasına və nəzarət sisteminə cavabdeh olan baş konstruktor Maqsud Şadayev bildirib ki, MDB ölkələrinə pullu və ya pulsuz şəkildə hökumətin qərarına əsasən şifrələmə və informasiya təhlükəsizliyi alqoritmləri verilə bilər.

Bundan başqa MDB ölkələrinin xüsusi xidmətləri Rusiyaya gələn vətəndaşlarının uçotunun aparılması üçün sistemin ayrı-ayrı seqmentlərini istifadə edə bilərlər, bu, ölkələrə giriş-çıxış rejimlərinə dəqiq nəzarəti təmin etməkdə kömək edə bilər. 

AYNUR




09/03/13    Çap et