Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qazaxıstanın İKT sektorunda həyata keçirilən layihələr və prioritetlər
Son onilliklərdə informasiya-kommunikasiya texnologiyaları (İKT) bütün dünya üzrə geniş vüsət almağa başlayıb. Bu illər ərzində İKT təkcə insanların gündəlik həyatına daxil olmadı, eyni zamanda praktik olaraq iqtisadi və sosial sahələrin bütün sferalarına nüfuz etdi, eləcə də onların ayrılmaz hissəsinə çevrildi.
Dünyanın inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan ölkələri cəmiyyətlərin informasiyalandırılmasının və uzunmüddətli iqtisadi artmanın təyinində rabitə və informasiya texnologiyalarının inkişafının əhəmiyyətini anlayaraq, dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi İKT sektorunun inkişafında da aktiv mövqelər qəbul etdi.
Bu gün İKT istiqamətində həyata keçirdiyi siyasətini analiz etməyə çalışacağımız Qazaxıstan da bu illər ərzində bir sıra nailiyyətləri ilə yadda qalıb. Hazırda Qazaxıstan informasiya cəmiyyəti şəraitində inkişaf edir və bu istiqamətdə müəyyən sürətli dəyişikliklərlə səciyyələnir.
Keçmiş post-sovet ölkəsi kimi Qazaxıstanın da müəyyən problemləri vardır. İKT-nin inkişaf göstəricilərinə görə bəzi qonşularından irəli çıxmağı bacaran Qazaxıstanın bəzilərindən də geri qaldığı vurğulanmalıdır.
İKT VƏ DÖVLƏT SİYASƏTİ
Dünya təcrübəsi göstərir ki, bu gün bütün mövcud İKT sektorunun inkişafına yanaşmalar hər bir ölkənin ictimai-iqtisadi inkişafına eyni cür müsbət təsir göstərmir. Ona görə də İKT sahəsinin inkişafına düzgün dövlət siyasətinin hazırlanması əsas şərtlərdən biri hesab olunur.
İctimai-iqtisadi və siyasi proseslərin dinamikliyinə səbəb olan daim dəyişən dünya reallığı şəraitində dövlət idarəçiliyi orqanlarının fəaliyyətinin effektivliyinə tələblər böyüyür, onların qabiliyyətləri reaksiya verməyə və yeni çağırışlara effektiv qərarları qəbul etməyə sürətlidir.
Bununla əlaqədar olaraq, dövlət idarəçiliyinin və dövlət orqanlarının fəaliyyətinin informasiya və texnologiya dəstəyinin inkişaf prosesinin təkmilləşdirilməsi ehtiyacı artır. Bununla əlaqədar olaraq uzun illəri əhatə edən «Qazaxıstanın İnkişaf Strategiyası» elan edilib. Bu strategiyada effektivliyin artımı üçün dövlət aktivləriylə idarə sisteminin müasirləşdirilməsi ehtiyacı qeyd edilib, gələcəyin iqtisadiyyat sektorunun inkişafının stimullaşdırılması məsələsi qoyulur. Məhz bu stimullaşdırmada da İKT-nin sektoru əsas rola malikdir.
İKT sahəsinin əsas məsələlərindən biri informasiyalaşdırma proseslərinin genişləndirilməsi üçün rəqəmli mühitin yaradılması önəmli hesab olunur, digər dövlətlərin müasir telekommunikasiya infrastrukturunun öyrənilməsi, onların inteqrasiyası və müştərək layihələr həyata keçirməklə inkişafı sürətləndirmək ilkin olaraq əsas məqsəd kimi götürülür. Buna görə də informasiya texnologiyaları sahəsində tranzit potensialın inkişafı, qlobal mühitə milli iqtisadiyyatın inteqrasiyası, həmçinin əhəmiyyətli addım kimi önə çəkilir.
Strategiyada sənayeləşdirmənin növbəti mərhələsinə keçidi üçün perspektivli texnologiya istiqamətlərinin inkişafı məqsədi ilə ölkənin innovasiya texnologiyaları parkının yaradılması və inkişaf etdirilməsinin vacibliyi qeyd olunur.
PRİORİTETLƏR
Bu gün bir sıra dünya ölkələri kimi Qazaxıstan da yerli İT istehsalını və onun rəqabətə davamlılığının artırılmasını əsas prioritetlər kimi təqdim edir. Lakin burada əsas məsələlərdən biri yeni ixtiraların edilməsi və hazırlanacaq məhsulun keyfiyyətinin yüksək olmasıdır. Yalnız bu forma tamamlandıqdan sonra yerli məhsulun dünya bazarına çıxarılmasına nail olmaq və ölkəyə əlavə vəsaitlərin cəlb olunması ilə İKT sahəsinin sıçrayışlı inkişafını əldə etmək mümkündür. Buna görə də Qazaxıstanda hesab edirlər ki, ölkədə yeni ixtiraların əldə olunması üçün lazım olan kadr potensialı mövcuddur. Amma sözsüz ki, hazırkı mütəxəssis sayı ilə kifayətlənmək olmaz. Elə buna görədir ki, hökumət yeni kadrların yetişdirilməsinə diqqət ayırmağı yaddan çıxarmır.
Bundan başqa prioritetlər sırasına Qazaxıstan Respublikasında informasiya cəmiyyətinə keçid və innovasiya iqtisadiyyatının yaradılması daxildir.
Qoyulmuş hədəflərə nail olmaq üçün aşağıdakı məsələlər əsas götürülür:
- müasirləşdirmə, rabitə və informasiya infrastrukturunun inkişafı;
- rəqəmli teleradioyayımın inkişafı;
- internet şəbəkəsinin Qazaxıstan seqmentinin inkişafı;
- proqram təminatının hazırlanmasının və informasiya xidmətləri sektorunun inkişafı;
- yüksəktexnologiyalı avadanlığın sayəsində yerli istehsalın inkişafı; - infokommunikasiya sahəsində təhsilin inkişafı;
- elektron xidmətlərin və "elektron hökumət"in inkişafı.
Beləliklə, dövlətin milli strategiyasında İKT sektoru xüsusi yer tutur və ölkənin uzunmüddətli ictimai-iqtisadi inkişafında iştirak edən əsas alət rolunda çıxış edir.
MOBİL RABİTƏ VƏ İNTERNET
Qazaxıstanda rabitə xidmətləri arasında mobil rabitə üstün mövqeyə malikdir. Bir sıra ekspertlərin qənaətincə, mobil rabitənin inkişafı ölkədə internet istifadəçilərinin artmasına da təsir edib.
Hazırda böyük gəlirlilik seqmenti kimi tanınan mobil rabitə Qazaxıstanın bütün bölgələri üzrə geniş yayılıb və demək olar ki, ölkənin bütün ərazisi üzrə heç bir maneəsiz mobil telefonlarla danışmaq mümkündür. Bu ölkədə mobil rabitə ilə bağlı əhaliyə göstərilən xidmətlərin sayında da müəyyən artımlar mövcuddur. Rəsmi məlumatlara görə, Qazaxıstan əhalisinin, demək olar ki, yarıdan bir qədər çoxu internet istifadəçisidir.
Lakin müstəqil ekspertlər bu rəqəmlə razılaşmır. Üstəlik, hətta göstərilən rəqəmin belə bir sıra qonşularla müqayisədə aşağı olduğu irəli çəkilərək internetin daha geniş şəkildə yayılması istiqamətində müəyyən layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər.
Bəzi məlumatlara görə, 2012-ci ilin əvvəllərində ölkədə internetin nüfuzetmə səviyyəsi 53,4% təşkil edib və internet istifadəçilərinin sayı 8 milyon insandan yuxarı olub. Qazaxıstan Statistika Komitəsinin yaydığı məlumata görə, ölkənin ən çox internetə daxil olunan şəhərləri Almatı, Astanadır.
QAZAXISTANIN İNKİŞAF REYTİNQİ
Bu ölkənin Statistika Komitəsinin yaydığı məlumata görə, İnformasiya texnologiyalarının inkişafı haqqında Qlobal hesabata əsasən 2012-ci ildə Qazaxıstan şəbəkə hazırlığının (NetworkingReadinessIndex) İndeksi üzrə 55-ci yeri tutub.
Bildirilir ki, bu mövqeyi ilə Rusiya Federasiyasını (56-cı yer) qabaqlayaraq İKT-dən istifadə üzrə MDB-nin liderlərinin arasında yer alıb. "Siyasi və hüquqi mühit (çərşənbə)" göstəricisi üzrə Qazaxıstan dünyanın 142 ölkəsi arasında 92-ci yerdədir. Bu, ölkənin İKT sahəsi üzrə biznesin təhlükəsizliyini təmin edən mövcud hüquqi bazanın əsas göstəricisi hesab olunur.
Xüsusi halda, innovasiyaların inkişafı üçün şərtlər, texnologiyaların mümkünlüyü, innovasiya məhsullarına tələbat şəraiti, innovasiya layihələrinin maliyyələşdirilməsi üçün riskli kapitalların mümkünlüyü, həmçinin ixtisaslaşdırılmış iş qüvvəsinin olması da nəzərə alınır və bu göstərici üzrə Qazaxıstan 71-ci yerdə durur.
TASİM: BAKI-AKTAU
Qazaxıstanda Azərbaycanın irəli sürdüyü TASİM layihəsi yüksək qiymətləndirilib və onun hər bir ölkə üçün böyük əhəmiyyətli, önəmli və eləcə də gəlirli olduğu qənaətindədirlər.
Hələ bir müddət bundan əvvəl Qazaxıstanın Rabitə və informasiya komitəsinin sədri Rizat Nurşabekov qəzetimizə verdiyi müsahibəsində bildirmişdi ki, Xəzər dənizinin altından fiber-optik kabelin çəkilməsi istiqamətində müzakirələrin aparılması xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu kabel Aktau ilə Bakını birləşdirəcək: «Hələlik bu sual müzakirə mərhələsindədir. Azərbaycan tərəfi də bu layihənin reallaşmasında çox maraqlıdır.
Eyni zamanda biz də öz tərəfimizdən maraqlarımızı ortaya qoymuşuq. Yeri gəlmişkən qeyd edim ki, Qazaxıstanda fəaliyyət göstərən şirkətlər də istəyirlər ki, bu layihədə iştirak etsinlər. Diqqətinizə çatdırım ki, Qazaxıstanla Azərbaycan arasında müzakirə olunan məsələlərdən biri də bu layihədə şirkətlərin iştirakıdır. TASİM layihəsi böyük layihədir və onun effekti də böyük olacaq. Demək istəyirəm ki, bu layihə həyata keçdiyi təqdirdə bir sıra üstünlüklər vəd edir. Ona görə də hesab edirəm ki, TASİM təkcə Azərbaycan üçün deyil, eyni zamanda digər ölkələr üçün də böyük əhəmiyyət daşıyır».
QAZAXISTANIN NƏTİCƏLƏRİ
Bütün MDB ölkələrinin informasiya-kommunikasiya texnologiyaları istiqamətində inkişafı, demək olar ki, eynidir. Qazaxıstan 2011-ci ildə bütün ərazisi üzrə peyk yayımı həyata keçirib. Bu yayım DVS-2 standartı ilə reallaşdırılıb.
Məlumat üçün bildirək ki, elə həmin ildə "KazSat-2" peykini orbitə qaldırmağa nail olublar. 2012-ci ildə hökumət rəqəmsal yayımı istifadəyə təqdim edib. Eləcə də ötən ilin sonlarında Qazaxıstanda "4G"-ni tətbiq etmək üçün pilot layihə həyata keçirilib.
Bu il isə ölkənin bütün bölgələrinin və hətta kəndlərin internetə çıxışını təmin etmək üçün layihə həyata keçirməyə başlayıblar. Bu layihədə CDMA-450 texnologiyası istifadə olunur. Hökumət çalışır ki, Qazaxıstanın hər bir nöqtəsində internet olsun. Əlavə olaraq onu da bildirək ki, Qazaxıstanda "Elektron hökumət" layihəsi çərçivəsində bir sıra lazımi addımlar atılır, tədbirlər həyata keçirilir.
Əhalinin kompüter biliklərini artırmaq üçün addımlar atılır ki, insanlar "elektron hökumət"in xidmətlərindən necə istifadə etməyi öyrənsinlər.
Çünki bütün dünyada olduğu kimi, Qazaxıstanda da anlayırlar ki, elektron xidmətlər onlardan istifadə edilmədiyi təqdirdə lazımsız bir məhsula çevrilir. O baxımdan hökumət İKT üzrə maariflənməyə də böyük diqqət yetirir və müəyyən vəsaitlər xərcləyir.
Statistik rəqəmlərə görə, hazırda Qazaxıstanda milyondan artıq insanın elektron imzası var. Və bu tendensiyanın artan xətt üzrə inkişaf etdiyi bildirilir. İnsanlar elektron imzaların üstünlüklərini dərk etdikcə, ona daha böyük tələbatları yaranır.
Seymur Qasımbəyli
s.qasimbeyli@gmail.com
09/03/13 Çap et