MHM tərəfindən 9000 elektron imza vəsiqəsi verilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə son statistik məlumatı təqdim edib.
Mərkəzin məlumatına görə, MHM tərəfindən 01.03.2013 tarixinə 9000 elektron imza vəsiqəsi verilib. Belə ki, həmin tarixə dövlət qurumlarına verilmiş sertifikatların sayı 6079, hüquqi şəxslərə verilmiş sertifikatların sayı 221, vətəndaşlara verilmiş sertifikatların sayı isə 2967 olub.
Qeyd edək ki, vətəndaşlar üçün "e-Gov" Elektron Xidmətlər Portalına daxilolma prosedurları sadələşdirilib. Artıq kod, parol və e-imzanı elektron şəkildə əldə etmək mümkündür.
Əvvəllər portaldan istifadə etmək istəyən vətəndaş fiziki olaraq qeydiyyat məntəqəsinə müraciət etməli idi. Bu zaman operator şəxsiyyət vəsiqəsində yerləşən məlumatlardan istifadə edərək kod, parolun verilməsi üçün elektron sorğunu yaradırdı. Yeni prosedurda isə vətəndaş elektron şəkildə müraciət etmək imkanını əldə edir.
Bu zaman şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi, ümumvətəndaşlıq pasportu, sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsinin birinin olması da vacibdir. Bu sənədlərdəki məlumatlardan istifadə edərək sistem elektron ərizə ilə müraciət zamanı vətəndaşla bağlı məlumatların düzgünlüyünü, həqiqiliyini daha dəqiq yoxlayır.
Kod, parolun onlayn əldə edilməsi üçün
www.reg.e-gov.az/ səhifəsinə daxil ola bilərsiniz.
HƏQİQƏT