Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qafqaz Universiteti Türkiyədə texnoparkların fəaliyyəti ilə tanış olur
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərin məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər "QUTECHNOPARK"-da (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən universitetdən bildirilib ki, səfər zamanı ilk görüş Ortadoğu Teknik Universitetinin (ODTU) rektoru ilə keçirilib. Görüş zamanı Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç texnopark fəaliyyətlərinin həyata keçirilməsində ODTU-nun təcrübələrindən istifadə etdiyini bildirib.
Bu işdə ODTU-nin səmimi yanaşmalarına görə təşəkkür edən rektor A.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib.
ODTU rektoru professor Ahmet Acar əməkdaşlıqdan məmnun olduğunu bildirərək, informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələri ola biləcəyindən danışıb. Xatırladaq ki, "QUTECHNOPARK"-ın təşkil etdiyi işgüzar səfərdə nümayəndə heyətinin tərkibinə Qafqaz Universiteti rektoru Ahmet Saniç ilə birgə "QUTECHNOPARK" İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, "QUTECHNOPARK"-ın müdiri Dos. İsa Qasımov, "QUTECHNOPARK"-da fəaliyyət göstərən şirkətlərin idarəçilərindən "Azer.Net" MMC-nin direktoru Anar Novruzov, "SENTRA" MMC-nin icraçı direktoru Ümid Vəliyev, "MONtech" MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edir.
HƏQİQƏT
11/03/13 Çap et