Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“TASİM” dünyanın 14 qlobal layihəsindən biri seçildi


Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşması nəzərdə tutulan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi növbəti dəfə dünya miqyaslı uğura imza atmışdır.

Belə ki, ötən həftə Nyu-York şəhərində təşkil olunan 6-ci Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək qlobal infrastruktur layihəsi arasından "TASİM" layihəsi nominat olaraq seçilmişdir.

"Maliyə Layihəsi" üzrə namizədlər arasında yer alan "TASİM" Türkiyənin reallaşdırmaq istədiyi 9 milyard dollar dəyəri olan İstanbul hava limanı və Braziliya hökumətinə məxsus 3.2 milyard dollar məbləğində qiymətləndirilən Rio de Janeiro hava limanı konsepsiyası ilə eyni kateqoriyada yarışır.

İnfrastrukturun bütün sektorlarını əhatə edən müsabiqədə namizədlər 13 (14 layihə) ölkədən seçilmişdir. Sevindirici haldır ki, Azərbaycan iki qlobal layihəsi ilə bu ölkələr arasında yer almışdır.

Azərbaycan qazını Avropaya çıxarmağı hədəfləyən 7 milyard dollar dəyəri olan "Trans-Anadolu" qaz kəməri layihəsi də müsabiqənin nominatları sırasında yer almışdır.

Qeyd edək ki, 6-ci Qlobal İnfrastruktur İdarəçilik Forumunda 400 nəfərdən çox hökumət və şirkət nümayəndələri iştirak etmişdir.




12/03/13    Çap et