Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elmir Vəlizadə: “Yeni həllərin tətbiq edilməsi üçün həm dövlət, həm də özəl sektorda geniş imkanlar var”


"Elektron hökumət"in inkişafı nəticəsində müxtəlif həllər, o cümlədən mobil həllərin tətbiqi gözlənilir. Ümumiyyətlə, mövcud olan yeni həllərin tətbiq edilməsi üçün bu gün həm dövlət, həm də özəl sektorda geniş imkanlar var.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Win Phone-2" müsabiqəsinin yekun tədbirində məlumat verib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, "Bakcell"in baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"in təşkilati dəstəyi ilə keçirilən müsabiqəyə həsr edilmiş tədbirdə nazir müavini ölkədə İKT sahəsinin prioritet istiqamət kimi müəyyənləşdirildiyini, "İKT ili" çərçivəsində müvafiq Tədbirlər Planının hazırlandığını xatırladıb.

Ölkədə İKT sahəsində gənclərin fəaliyyəti üçün geniş potensialın olduğunu da deyən E.Vəlizadənin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan İnformasiya Texnologiyaları Universiteti 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlayacaq.

Bu da ölkənin İT sahəsi üzrə peşəkar kadrlarla təmin edilməsi və sözügedən sahənin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynayacaq:

"Hazırda universitetin yaradılması üzrə işlər davam edir. Bu universitetə hətta xaricdən də mütəxəssislərin cəlb olunması nəzərdə tutulur. Eyni zamanda ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayacaq. Bu günlərdə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əsasnamə təsdiqlənib. Ümumiyyətlə, "İKT ili" çərçivəsində xeyli tədbirlərin reallaşması nəzərdə tutulur ki, bu tədbirlərə digər dövlət qurumları da cəlb ediləcək".

Azərbaycanda informatika üzrə olimpiadaların əsasını qoyan, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri, BDU-nun dosenti Ramin Mahmudzadə də tədbirdə çıxış edərək, gənc proqramçılara tövsiyələrini verib:

"Gənc proqramçıların peşəkarlaşması hələ qabaqdadır. Statistika göstərir ki, bu sahəni seçən 100 insandan yalnız ikisi tam proqramçı kimi püxtələşə, lazımi nəticəyə nail ola bilir. Proqramlaşdırma da yaradıcılıq tələb edən sahədir və bu sahədə mütəxəssis kimi yetişmək üçün ilk növbədə ciddi intizama riayət etmək, geniş təxəyyülə malik olmaq vacibdir".

"Hackathon Azərbaycan" layihəsinin rəhbəri Rəşad Əliyev isə müsabiqəyə 81 nəfərin qoşulduğunu, onların arasından seçilən 11 nəfərin 16 tətbiq yaratdığını qeyd edib. Daha sonra müsabiqə qalibləri mükafatlandırılıb və ilk yerin qalibi "Aztvgram" tətbiqinin müəllifi Rüfət Babakişiyev olub.

Qeyd edək ki, "Hackathon" layihəsi çərçivəsində keçirilən və mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" müsabiqəsinin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

"Hackathon" - haker neologiyasıdır və proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. "Hackathon"un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərə öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaq imkanının verilməsidir.

Həqiqət İSABALAYEVA




13/03/13    Çap et