Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rumıniyanın “SİVECO” şirkəti Azərbaycanda İSO standartları alan elektron həllərlə bağlı təkliflər vermək niyyətindədir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rumıniyanın İKT sahəsində aparıcı şirkətlərindən olan “SİVECO”-nun prezidenti və baş icraçı direktoru İrina Sokonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanın İKT sahəsində gördüyü işlər, o cümlədən respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, perspektivlər barədə qonaqları məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf tempinin ildən-ilə yüksəldiyini vurğulayıb.
Xüsusilə həyata keçirilən yerli və regional layihələr, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərinin çatdırılmasını nəzərdə tutan “Evlərə optika” modelindən, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “EuraCA” (Eurasian Connectivity Alliance) layihələrindən söz açan nazir “SİVECO”-nun gələcəkdə bu kimi layihələrdə iştirak edə biləcəyini vurğulayıb.
İlk növbədə Azərbaycanın ilk telekommunikasiya peykinin geostasionar orbitə çıxarılması münasibətilə təbriklərini çatdıran İrina Soko ölkəmizdə İKT-nin sürətli inkişafından məmnunluğunu ifadə etməklə yanaşı, respublikada “İKT ili” elan edilməsini də bu sahəyə dövlət tərəfindən diqqətin göstəricisi kimi dəyərləndirib.
Avropa Komissiyasının Mərkəzi və Şərqi Avropada həyata keçirdiyi islahatlarda kifayət qədər təcrübə qazanan “SİVECO” şirkətinin Azərbaycan və Rumıniya arasında strateji əməkdaşlığa töhfə verəcəyini qeyd edən İrina Sokonun sözlərinə görə, şirkət gələcəkdə Azərbaycanda həyata keçirilən “Elektron hökumət” quruculuğu sahəsində əməkdaşlıqda maraqlıdır.
Hazırda ölkəmizdə müxtəlif qurumlar, o cümlədən Təhsil, Səhiyyə, Kənd Təsərrüfatı nazirlikləri ilə əməkdaşlıq çərçivəsində İKT vasitəsilə təhsilin inkişafı, səhiyyə sistemində yeni həllər, aqrar sektorda məhsuldarlığın artırılması ilə əlaqədar proqram təminatının tətbiqində yaxından iştirak etdiklərini vurğulayan “SİVECO” rəsmisi gələcəkdə də Azərbaycanda “e-təhsil”, “e-səhiyyə”, “e-biznes”, “e-kənd təsərrüfatı”, “e-gömrük” və s. kimi sahələrdə İSO standartları alan elektron həllərlə bağlı faydalı təkliflər vermək niyyətində olduqlarını deyib.
Nazir də öz növbəsində ölkəmizdə İKT sahəsi üzrə aparılan islahatlarda Rumıniya təcrübəsinin səmərəli olacağına əminliyini ifadə edib.
14/03/13 Çap et