Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ÜPİ-nin məktəblilər arasında keçirdiyi ənənəvi epistolyar inşa müsabiqəsinə aprel ayında yekun vurulacaq
Məktəblilər arasında epistolyar inşa müsabiqəsinə aprel ayında yekun vurulacaq. "ICTnews" elektron xəbər xidmətinə bu barədə "Azərpoçt" MMC-dən məlumat verilib.
Qurumdan qeyd edilib ki, yazıların qəbulu hazırda da davam etdirilir:
"Hər il olduğu kimi, bu il də Ümumdünya Poçt İttifaqı (ÜPİ) bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyə edərək müsabiqəyə mövzu təqdim edib. Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə göndəriləcək. Hazırda inşa yazılarının qəbulu davam etdirilir. Martın təxminən 27-də bu proses başa çatacaq. Bu il müsabiqəyə 40 minə qədər inşa yazısının təqdim ediləcəyi gözlənilir. Toplanan yazılar Təhsil Nazirliyi tərəfindən ayrılan müəllimlər tərəfindən qiymətləndiriləcək. Aprelin ilk ongünlüyündə qiymətləndirmə yekunlaşdırılaraq, birinci yerin qalibi müəyyən ediləcək. Aprelin 15-nə qədər qalib şəxsin yazısı tərcümə edilərək Ümumdünya Poçt İttifaqına göndəriləcək.
Eyni zamanda ÜPİ-də də üzv ölkələrin qalibləri arasından yenidən qalib müəyyənləşəcək. Aprelin 26-da isə "Azərpoçt" MMC-də qaliblərin elan edilərək mükafatlandırılması mərasimi keçiriləcək".
Qeyd edək ki, inşa müsabiqəsinə üç mövzu təqdim olunub. Onlardan birincisini - "Kiməsə məktub yaz və izah et ki, nəyə görə su qiymətli həyat mənbəyidir" (15 yaşa qədər olan məktəblilər) Ümumdünya Poçt İttifaqı təklif edib. "Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir" və "Vətən qəhrəmanları ilə tanınır" adlı ikinci və üçüncü mövzular isə müvafiq olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC və Təhsil Nazirliyi tərəfindən təklif olunub.
Müsabiqənin qalibləri üçün aşağıdakı məbləğdə pul mükafatları təyin edilib:
1-ci yer – 3 nəfər – hər biri 100 manat (hər bir mövzu üzrə 1 nəfər)
2-ci yer – 6 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 2 nəfər)
3-cü yer – 9 nəfər – hər biri 60 manat (hər bir mövzu üzrə 3 nəfər)
Həvəsləndirici - 12 nəfər – hər biri 40 manat (hər bir mövzu üzrə 4 nəfər).
Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 500-dən 800 sözədək olmalıdır.
Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 1 mart 2013-cü il tarixinədək aşağıdakı ünvana göndərilə bilər:
Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, "Azərpoçt" MMC. İndeks: AZ1000.
Həqiqət İSABALAYEVA
14/03/13 Çap et