Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzScienceNet” TERENA-nın rəqəmsal sertifikatlarından istifadə edəcək


"AzScienceNet" TERENA-nın rəqəmsal sertifikatlarından istifadə edəcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.

İnstitutdan bildirilib ki, TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) təşkilatının beynəlxalq sertifikat xidməti elmi tədqiqat institutları və təhsil müəssisələrinə milli elm və təhsil şəbəkələri vasitəsilə rəqəmli sertifikatlar təqdim edir. Sertifikatlar dünyanın ən böyük sertifikatlaşdırma mərkəzlərindən biri olan "Comodo" şirkəti tərəfindən TERENA üzvlərinə verilir.

Bu ildən etibarən Azərbaycan da TERENA-nın sertifikat xidmətindən istifadə edən 28 Avropa ölkəsinin siyahısında yer alıb. Belə ki, "AzScienceNet" elm kompüter şəbəkəsi server və fərdi sertifikatlardan istifadə hüququna malik olub.

Bununla da "AzScienceNet"-in göstərdiyi xidmətlərin, həmçinin AMEA-nın alim və mütəxəssislərinin rəsmi e-mail ünvanlarının autentifikasiyası mümkün olub. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə TERENA-nın Baş Assambleyasının illik iclasında təşkilatın tamhüquqlu üzvü seçilib.

E-elmin şəbəkə platforması və infrastrukturu olan "AzScienceNet" YUNESKO-nun Xüsusi Komissiyasının tövsiyəsi ilə TERENA-da qeydiyyata alınıb.

HƏQİQƏT




15/03/13    Çap et