Artıq hər evdə internet olacaq
Bakıda "Evlərə optika" layihəsinin icrasına başlanılıb. Bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, bu layihənin tətbiqi ilə "Baktelekom" abunəçiləri üçün son mill probleminin, yəni internetin sürətinin mənzilə qədər itməsi problemi tamamilə həll edilmiş olacaq. Baş mütəxəssis bildirdi ki, layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondunun "Evlərə optika" birgə əməkdaşlığı ilə baş tutacaq.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 16.01.2013-cü l tarixli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Bununla əlaqədar olaraq 2013-cü il ərzində "Baktelekom" kollektivi qarşısında bir çox mühüm tədbirlərin həyata keçirilməsi durur.
Belə ki, "Bakinternet" İnternet provayder platformasının genişləndirilməsini, platforma üzərindən onlayn rejimində qoşulma imkanlığının 200 minə çatdırılmasını və qlobal internet şəbəkəsinə qoşulma kanalının sürətinin tələbata uyğun artırılmasını təmin etmək, xidmətlərin artım dinamikası nəzərə alınmaqla "Baktelekom"un mövcud İP transmissiya şəbəkəsi sürətinin 100 Gbit/s-ə qədər genişləndirilməsinin və trafik daşıma imkanlığının artırılmasının təmin edilməsi, "Baktelekom"un hər bir istifadəçisinə daha yüksəksürətli (100 Mbit/s) internet xidmətinin göstərilməsi məqsədilə ATS-lərdən 3 km və daha uzaq məsafədə yerləşən Paylayıcı şkafların "SmartAX-FOİS300" və ya digər daha müasir texnologiyalı optik şəbəkə avadanlıqları ilə əvəz edilməsi, "FTTx" (FTTH, FTTB, FTTC, FTTCab) texnologiyasının tətbiqinin genişləndirilməsi, NGN texnologiyası əsasında intellektual və servis xidmətlərinin, o cümlədən E-xidmətlərin tətbiqinin genişləndirilməsi, ATS-492/497-nin müasir texnologiya əsasında yenidən qurulmasının təmin edilməsi, Kiçik tutumlu, mənəvi cəhətdən köhnəlmiş köhnə tipli ATS-lərin (Karel, Kvant, DRX-4, Remut) müasir texnologiya əsasında yenidən qurulması, Bakı şəhərində hər 100 nəfər abunəçiyə düşən sürətli internet istifadəçilərinin sayının 70%-ə çatdırılmasının təmin edilməsi, "Baktelekom"un Sorğu Məlumat Xidmətinin müasir texnologiya əsasında yenidən qurulması üçün çox böyük işlər görülməsi, müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bundan başqa telekommunikasiya sahəsində qabaqcıl ölkələrin təcrübəsini daim öyrənən "Baktelekom" mütəxəssisləri tərəfindən son mill probleminin həlli üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondunun "Evlərə optika" birgə layihəsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Son mill probleminin bu cür həlli (İPTİME -Multi-play xidmətinin istifadəsi üçün İP-transport infrastrukturu) müxtəlif şəbəkə topologiyasının məsələn, FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) topologiyalarının "Baktelekom" şəbəkəsində tətbiqini nəzərdə tutur ki, bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksəksürətli internetin ( Ethernet 10/100 və
10/100/1000 ), İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay videoxidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir.
Qeyd edək ki, son mill probleminin tamamilə həll edilməsi üçün FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) işləri həyata keçirilərək BTRİB şəbəkəsinə inteqrasiya olunacaq. Bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksəksürətli internetin (Ethernet 10/100 və
10/100/1000), İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay videoxidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir.
"Bu layihə başa çatdırıldıqdan sonra Bakıda internetin sürəti 30 mbit/s yuxarı olacaq"- deyə E.Qədirov bildirdi.
RƏVAN