Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Belarus Respublikasının İKT siyasəti
Bu gün dünyada çox az ölkə tapılar ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoymasın. Çünki hazırkı dönəmdə iqtisadiyyatın əsas inkişafı İKT-dən asılı vəziyyətə gəlib.
İKT sahəsinin çox yüksək səviyyədə rentabelli olması və müasir insanların öz həyatını İT texnologiyalarsız təsəvvür edə bilməməsi, sözügedən sahənin inkişaf etdirilməsini günün başlıca tələbinə çevirib.
Buna görə də dövlətlər milli iqtisadiyyatlarını artırmaq və eləcə də özünün milli məhsullarını həm daxili, həm də xarici bazarlara çıxartmaq, üstəlik, məhsulun keyfiyyətini yüksəltməklə rəqabətə davamlılığını təmin etmək üçün milyonlar xərcləyirlər. Bununla yanaşı, informasiyalı cəmiyyət quruculuğunda layihələr həyata keçirir, dövlət orqanlarının xidmətlərini elektronlaşdırır, əhalinin İKT biliklərini artırmaq üçün maarifləndirmə kampaniyaları keçirir, İT üzrə kadrların hazırlanmasına diqqət yetirirlər.
«Rabitə dünyası» bu dəfə Belarus Respublikasının İKT sahəsində həyata keçirdiyi layihələri və əldə etdiyi nəticələri təqdim edir.
Analiz aparılarkən təkcə Belarus hökumətinin açıqladığı rəqəmlərə deyil, eyni zamanda bu ölkədə fəaliyyət göstərən müstəqil ekspertlərin fikirlərinə də istinad edilib. Öncə bildirək ki, bir çox MDB ölkələri kimi Belarus Respublikası da özünün İKT sektorunu inkişaf etdirməyi prioritet məsələ kimi ortaya qoyub. Bunun üçün ölkədə konsepsiya hazırlanaraq qəbul edilib.
PLANLAR
Belarusda İKT-nin inkişaf konsepsiyasında konkret planlar irəli sürülüb. Bildirilir ki, 2015-ci ilə kimi bir sıra nailiyyətlər əldə olunmalıdır. Hökumət planlaşdırır ki, bu müddət ərzində mənzillərdən genişzolaqlı internetə qoşulma sayı 3 dəfə artırılacaq. Ümumilikdə isə internetə qoşulanların sayının 2 dəfə artırılması nəzərdə tutulur. Dördüncü nəsil mobil telekommunikasiya xidmətlərinin tətbiqi reallaşdırılacaq. Belarus hökuməti 2015-ci ildə ölkədə rəqəmli televiziya yayımına keçməyə hazırlaşır.
Poçt xidmətlərində bütün iş yerlərinin avtomatlaşdırılması, kağızsız ofislərin inkişafı, aqrar şəhərciklərdə və böyük kəndlərdəki poçt binalarının hər bölməsində ictimaiyyət üçün internetə çıxışın təşkil edilməsi qarşıya qoyulan hədəflərdəndir. Bununla yanaşı, elektron poçtun hibrid sistemi hazırlanacaq və poçt ödənişlərinin, informasiya terminallarının sayı 2015-ci ildə 1000-ə qədər artırılacaq.
Konsepsiyada elektron xidmətlərin göstərilməsi üçün istifadə edilən dövlət informasiya resurslarının payının ən azı 20% artırılması nəzərdə tutulub. Bunun nəticəsində gözləmə vaxtı daha da azaldılacaq.
MİLLİ İT MƏHSULLARI
Belarusda istehsal olunan İT məhsullarının siyahısı elan edilib. Bu ölkənin müstəqil ekspertlərinin qənaətincə, yerli məhsulların sayı və çeşidi heç də az deyil və onlar keyfiyyət və qiymət baxımından rəqabətə davamlıdır. Hazırda Belarusda DVB-T-ın rəqəmli əlavə avadanlığı, IAD-ın birləşdirmə giriş qurğusu, "GSM"-terminal, "GSM-USB"-modem, "WiMax"-modem, çoxməqsədli avtomatlaşdırılmış tənzimləyici komplekt, məftil yayımının şəbəkəsi üçün üç proqram siqnalı, VoIP-telefon (IP əsasında telefon), VoIP-şlüz, VoIP-konverter, "Gigabit Ethernet" vasitəsilə məlumatların ötürülməsinin protokolunun avadanlığı istehsal olunur.
Lakin bunlar ölkədən kənara çıxarılan məhsullardır. Yerli bazar üçün isə istehsal olunan məhsulların sayının daha artıq olduğu bildirilir. Bununla yanaşı, hökumət qabaqcıl texnologiyaların ixracını 2-3 dəfə artırmağı planlaşdırır. Bir çox yeni ümidlər verən informasiya texnologiyalarının çeşidliliyi və xarici bazarda yüksək gəlir gətirməsi ölkə iqtisadiyyatının da inkişaf etdirilməsinə şərait yaradacaq.
STATİSTİKA
Açıqlanan rəqəmlərə görə hazırda ölkə əhalisinin yarıdan çoxu internetə daxil olur. Bildirilir ki, hər gün mənzillərdən internetə qoşulan insanların sayı artır və belə davam edərsə, bir neçə ildən sonra Belarus üçün görünməmiş statistikanın ortaya çıxmasına səbəb olacaq.
Bu ölkənin internet istifadəçilərinin cinsə görə müqayisəsi aparılsa, məlum olar ki, burada qadınlar daha çox internetə daxil olur (kişi - 49,65%, qadın - 50,35%).
Belarusda "3G" texnologiyasının tətbiq edilməsi nəticəsində mobil internetə daxil olanların sayında kəskin artım qeydə alınıb. Bundan əlavə, bütün ölkə üzrə smartfon telefonları geniş nüfuz etməyə başlayıb. Planşetlərlə və eləcə də simsiz internetə daxil olanların sayında da artımlar müşahidə olunur. Eləcə də qeyd olunmalıdır ki, artıq paytaxt, eləcə də digər böyük şəhərlərdə yerləşən ictimai obyektlərdə "Wi-Fi" sistemi qurulub və insanlar ondan heç bir ödəniş etmədən istifadə edə bilirlər.
Ölkə mətbuatının yaydığı məlumatlara görə, bu ölkədə internet xidmətləri təklif edən 57 provayder və eləcə də 32 hostinq-provayder fəaliyyət göstərir.
REYTİNQ
Beynəlxalq Telekommunikasiya İttifaqının 2011-ci ildə rabitə və informasiya texnologiyalarının inkişafı üzrə açıqladığı indeksə görə, Belarus 152 ölkə arasında 52-ci yerdə qərarlaşıb.
Bu göstərici ilə MBD-də yalnız Rusiyaya uduzan Belarus beynəlxalq miqyasda Argentinanı, Braziliyanı, Hindistanı və Meksikanı qabaqlayır. Yeri gəlmişkən qeyd olunmalıdır ki, 2008-ci ildə eyni indeks üzrə 58-ci yerdə qərarlaşmışdı. Ona görə də bu ölkədə hesab edirlər ki, Belarus artıq on ən dinamik ölkələrin kateqoriyasına daxil olub. Tədqiqatın nəticələrinə görə, Belarus həmçinin "İKT xidmətlərinin səbəti" (IPB - ICT Price Basket) indeksi üzrə dünyada 56-cı yeri tutur. Bundan əlavə, rabitə xidmətlərində qiymətlərin məqbulluğu üzrə Belarus bir sıra dövlətləri qabaqlayır.
Lakin bu göstəricilər ölkədə fəaliyyət göstərən müstəqil ekspertlər tərəfindən birmənalı qarşılanmır. Onların qənaətincə, növbəti illərdə Belarus irəli getmək əvəzinə geri addımlayıb.
NANOTEXNOLOGİYA
Belarus hökuməti 2013-cü ildə ölkənin nanotexnologiya sənayesini inkişaf etdirmək üçün təxminən 30 milyon dollar xərcləməyi planlaşdırır. Nəzərdə tutulur ki, növbəti iki il üçün də nanotexnologiyanın inkişaf etdirilməsinə böyük diqqət yetiriləcək.
Hökumət hesab edir ki, göstərilən məbləğ lazımi maddi bazanın, kadr potensialının və infrastrukturun yaradılmasına imkan verəcək və eləcə də transferi, nanotexnologiyaların kommersiyalaşmasını təmin etmək üçün şərait yaradacaq. Belarusun İqtisadi İnkişaf Nazirliyi artıq nanotexnologiyanın inkişaf istiqamətlərini müəyyənləşdirib. Bununla bağlı proqram hazırlayaraq hökumətə təqdim edib. Qeyd edək ki, bu proqramda bir sıra ölkələrlə müştərək layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. Hökumət də bu ilin əvvəllərində adıçəkilən nazirliyin hazırladığı proqramı təsdiq edib.
Bir sıra ekspertlər bildirir ki, hazırda Belarusda nanotexnologiyanın inkişaf etdirilməsi ilə bağlı sanki bir yarış gedir. Hökumət nanotexnologiyalardan əldə olunacaq gəlir vasitəsi ilə büdcənin bir hissəsini təmin etmək niyyətindədir.
Bu il Belarusun Milli Elmlər Akademiyasının 7 institutu nanotexnologiya ilə bağlı təchizatı genişləndirmək üçün yenidən külli miqdarda vəsait cəlb edəcək. Bundan başqa hesab olunur ki, ölkədə nanotexnologiya avadanlığı istehsal etmək üçün kifayət qədər baza və potensial mövcuddur. Güman edilir ki, yaxın vaxtlarda Belarusda dörd ixtisaslaşdırılmış mərkəz yaradılacaq. Həmçinin nanotexnologiyalar sahəsində start layihələrinə dəstək göstərmək üçün kiçik sahibkarlığın inkubatorunun tikintisi planlaşdırılır.
Bildirilir ki, burada əlavə olaraq 860 yeni iş yeri yaradılacaq. Bu inkubatorda elmlə real sektor arasında əlaqə qurulacaq və beləliklə də nanotexnologiyaların geniş tətbiqi nəticəsində kommersiya üçün yararlı olan məhsullar istehsal olunacaq. Hökumət hesab edir ki, bu da sənaye parkının yaradılmasına və daha da inkişaf etdirilməsinə imkan verəcək.
Məlumat üçün bildirək ki, bu ilin fevralında Belarusda Müəssisələr Məclisinin iclası keçirilib və iclasda elmi, təhsili və sənayeni təmsil edən 18 təşkilat Nanotexnologiya üzrə Respublika Assosiasiyasının yaradılmasına və onun tərkibində birləşməyə qərar veriblər.
İT BAZARI
Əgər 2005-ci ildə Belarusun bütün İKT sektoru 15 milyon dollar təşkil edirdisə, növbəti altı il ərzində aparılan siyasət nəticəsində onun miqdarı 1 milyarda çatdırılıb. Hazırda hökumət planlaşdırır ki, ölkənin İT bazarı getdikcə genişlənəcək, 2020-ci ildən hər il 1 milyard dollar gəlir gətirəcək.
2011-ci il ərzində Belarusun İT şirkətləri İKT sektorunun ixracından 270 milyon dollar gəlir əldə edib. Bu da ölkənin iqtisadiyyatına aktiv şəkildə təsir göstərib. Son illərdə Belarusun İT bazarı dünya ictimaiyyətinin diqqətini cəlb edib və beynəlxalq şirkətlər külli miqdarda vəsait qoyuluşuna başlayıblar. Açıqlanan rəqəmlərə görə, artıq 20 şirkət ölkəyə 30 milyon dollar sərmayə yatırıb. Bununla belə, resurs məhdudiyyətləri və ideyaların çatışmazlığı problemi yaşanmaqdadır.
Seymur Qasımbəyli
s.qasimbeyli@gmail.com
16/03/13 Çap et