Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Parisdə Azərbaycanın investisiya və ixrac imkanlarına dair təqdimatı keçirilib


Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Ticarət Palatasının əməkdaşlığı ilə Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Parisdə "Azərbaycan: Qafqazın lokomotivi-investisiya potensialı və imkanları" mövzusunda biznes forumu keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına əsasən, forumda əsasən enerji texnologiyası, su və saflaşdırma, ərzaq, telekommunikasiya və peyk, böyük miqyaslı infrastruktur layihələri müzakirə olunmuşdur. Tədbirdə Fransa və Azərbaycanın dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Forumda Avropa-Azərbaycan Cəmiyyətinin nümayəndəsi Vanessa Ren və Fransanın Azərbaycandakı ilk səfiri və hazırda Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perrən, Fransa Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya ölkələri üzrə şöbənin direktor müavini Fransua Delaus, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış ediblər.

Tədbirdə AZPROMO-nun İnvestisiyaların Təşviqi Departamentinin direktoru Natiq Mədətov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr və Azərbaycanda kənd təsərrüfatı sahəsi və bu sahədə mövcud investisiya və ixrac imkanları barədə təqdimatlarla çıxış ediblər.

Sonda Azərbaycan və Fransa şirkətləri arasında ikitərəfli görüşlər keçirilib.




16/03/13    Çap et