Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası universitet və sənaye sahələrində çalışan mütəxəssisləri Bakıya toplayacaq
“Təmiz Şəhər” ASC 17-21 iyun tarixlərində Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası (SYNERGIA) və “CNİM S. A.” şirkəti ilə birgə “Tullantıdan Enerjiyə tullantıların davamlı idarəolunmasının ayrılmaz hissəsi kimi” mövzusunda beynəlxalq seminar keçirəcək. Tədbir 5 gün davam edəcək.
“ICTnews” elektron xəbər xidmətinə “Təmiz Şəhər” ASC-dən bildirilib ki, tədbirdə “SYNERGIA”-nın prezidenti Efstratios Kalogirou, Kolumbiya Universitetinin professoru və Yer Mühəndisliyi Mərkəzinin rəhbəri Nikolaos Themelis, Tullantıdan Material və Enerji Tədqiqat Mərkəzinin (MatER) rəhbəri Stefano Consonni iştirak edəcək. Eyni zamanda Leuven Universiteti Kimya Mühəndisliyi fakültəsinin professoru Carlo Vandecasteele, “UV&P Ətraf Mühitin İdarəolunması və Mühəndisliyi” şirkətinin baş direktoru Franz Neubacher, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Layihələrin İdarəolunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov, Ətraf mühitin və əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun direktoru Stefano Danieli və “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi” layihəsinin direktor müavini Vüsal Nəsirli mühazirələrlə çıxış edəcəklər.
Seminar zamanı tullantıdan enerjiyə sahəsinin texniki aspektləri, ətraf mühitin mühafizəsinə müsbət təsirləri və iqtisadi səmərəliliyi, mexaniki-bioloji emal, bioqazların bərpası sistemi və tullantıların basdırılması kimi mövzular müzakirə olunacaq. Seminarın sonuncu günü iştirakçılar Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olacaqlar.
Regionda ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən əlaqədar sənaye sahələrinin, dövlət qurumlarının, tullantıların idarəolunması ilə bağlı layihələr planlaşdıran və həyata keçirən şirkətlərin nümayəndələri, tədqiqatçılar, universitet tələbələri, o cümlədən bu sahədə biliklərini artırmaq istəyən hər kəs tədbirə dəvət olunur. ASC-dən bildirilib ki, “Tullantıdan Enerjiyə tullantıların davamlı idarəolunmasının ayrılmaz hissəsi kimi” mövzusunda beynəlxalq seminarı hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il Bakıda keçiriləcək tədbirə dünyanın müxtəlif ölkələrindən 60-dan çox iştirakçının qatılacağı gözlənilir. Tədbirdə iştirak etmək istəyənlər “Təmiz Şəhər” ASC-nin rəsmi internet səhifəsinə “
www.tamizshahar.az/seminar.php ” daxil olaraq seminar haqqında ətraflı məlumat əldə edə, onlayn qeydiyyat və ödəniş sistemindən istifadə edərək öz iştiraklarını təsdiqləyə bilərlər.
Qeyd edək ki, Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası (SYNERGIA) müxtəlif universitet və sənaye sahələrində çalışan mühəndislər, alimlər və menecerlərin bir araya gələrək bərk məişət tullantıları və digər sənaye, kənd təsərrüfatı və meşəçilik tullantılarından enerji və ya yanacağın əldə edilməsi üçün ən yaxşı tullantıdan enerjiyə texnologiyalarını müəyyənləşdirmək və təkmilləşdirmək məqsədilə yaradılmış təşkilatdır.
HƏQİQƏT