Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
200 minə yaxın tələbəyə “Azərbaycan Tələbə Kartı” təqdim ediləcək
Hal-hazırda 90 mindən artıq tələbəyə “Azərbaycan Tələbə Kartı” təqdim edilib. Cari ilin iyun ayınadək bu prosesi yekunlaşdırmaq planlaşdırılır. Ümumilikdə 200 minə yaxın tələbəyə tələbə kartının verilməsi nəzərdə tutulur.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, dünyada ilk dəfə olaraq tələbə kartları Azərbaycanda dövlət hesabına təmənnasız olaraq təhsil müddəti bitənədək tələbələrin istifadəsinə veriləcək.
Qeyd edək ki, proses respublika prezidentinin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyun olaraq həyata keçirilir. Belə ki, proqramın 6.7.1. bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulub.
Bununla əlaqədar olaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər kartı ilə birgə buraxılması və kartların tələbələrə dövlət hesabına təmənnasız verilməsi təşəbbüsü irəli sürülüb. Təşəbbüs Gənclər və İdman və Təhsil nazirlikləri tərəfindən dəstəklənib.
Azərbaycan “Gənc kart” vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulub və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Avropa Gənclər Kartı”nı Azərbaycanda “Xəzər” İnvestisiya Mərkəzi ilə birgə təmsil edir.
“Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq ictimai iaşə obyektlərindən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.-dən güzəştlərlə istifadə etmək imkanını yaradacaq.
Həqiqət İSABALAYEVA
19/03/13 Çap et