Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycana gələn poçt bağlamalarına hansı gömrük və vergi rüsumları tətbiq edilir?


Poçt göndərişləri, o cümlədən bağlamalar hər zaman gündəmdədir. Xüsusən də bayram günlərində yaxınlarına bayram sovqatı, müxtəlif hədiyyələr göndərmək istəyənlərin say çoxluğundan bu xidmətə tələbat daha da yüksəlir. Amma bağlama göndərmək, eyni zamanda qəbul etmək istəyənləri bir sual daha çox maraqlandırır: Azərbaycana gələn poçt bağlamalarına hansı gömrük vergi və rüsumları tətbiq edilir?

"ICTnews" elektron xəbər xidmətinə Dövlət Gömrük Komitəsindən bildirilib ki, respublikanın gömrük ərazisinə gətirilən mallara gömrük vergi və rüsumları Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə" 22.12.2003-cü il tarixli 161 nömrəli və "Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 31.01.2005-ci il tarixli 11 nömrəli qərarları ilə tətbiq edilir.

Eyni zamanda Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"nın 2.1.2. yarımbəndinə əsasən fiziki şəxslər beynəlxalq poçt göndərişləri vasitəsilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər.

Həqiqət İSABALAYEVA




19/03/13    Çap et