Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5 məktəbli Azərbaycanı Avstraliyada keçiriləcək 25-ci Beynəlxalq İnformatika Olimpiadasında təmsil edəcək
Azərbaycan Türk Özəl liseylərindən seçilən 5 şagird 6-13 iyul 2013-cü il tarixlərində Avstraliyanın Brisbane şəhərində keçiriləcək 25-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın məktəblilər komandasını təmsil edəcək.
Təmsilçilər məktəblilərin proqramlaşdırma üzrə Respublika və Beynəlxalq olimpiadalara hazırlanmaları üçün sayca dördüncü olan "Proqramçıların Yaz Məktəbi" təlimlərində iştirak ediblər. Sözügedən təlimlər Qafqaz Universitetində (QU) Kompüter Mühəndisliyi Bölməsinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə aparılıb. "ICTnews" elektron xəbər xidmətinə QU-dan bildirilib ki, artıq təlimlər başa çatıb:
"Təlimlərin aparılması üçün Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Kibernetika fakültəsinin "Riyazi informatika" kafedrasının dosenti, Ukrayna Respublikasında proqramlaşdırma olimpiadaları üzrə təlimçi, Ukrayna, Rusiya və Beynəlxalq proqramlaşdırma olimpiadalarında münsiflər heyətinin üzvü kimi tanınmış mütəxəssis Mixail Medvedyev təlimçi qismində Qafqaz Universitetinə dəvət edilib.
Təlimlərdə Qafqaz Universiteti Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi, Riyaziyyat və İnformatika Müəllimliyi bölmələrindən olan 30 tələbə və Azərbaycan Türk Özəl liseylərindən 5 şagird iştirak edib. 8 gün intensiv davam edən təlimlər hər gün 9:30-13:00 saatlarında Mixail Medvedyev tərəfindən seminarların (seminar mövzuları: verilənlər strukturu, qraflar, dinamik proqramlaşdırma) verilməsi, 14:00-18:00 saatlarında isə praktik onlayn müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında aparılıb". Təlimlərdə "e-olimp.com.ua" metodik saytından məsələlərin həlli üçün istifadə edilib.
BDU-nun dosenti Ramin Mahmudzadə və Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə sözügedən saytın artıq Azərbaycan dilində lokalizasiyası aparılıb.
Qeyd edək ki, analoji təlimlər 2011- 2012-ci illərdə də keçirilib və Qafqaz Universiteti tələbələrinin Respublika və Beynəlxalq proqramlaşdırma olimpiadalarında yüksək nəticələr əldə etməsinə imkan yaradıb.
HƏQİQƏT
27/03/13 Çap et