Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən təhlükəsiz mobil əməliyyat sistemləri məlum olub


İnformasiya təhlükəsizliyi ilə məşğul olan “Sourcefire” şirkəti son 25 il ərzində boşluqların aşkar edilməsi sahəsindəki tendensiyaların təhlil nəticələrini dərc edib. Mobil qurğular bazarı ilə bağlı çıxarılmış nəticələr maraqlı olub.

“iOS” platformasında 210 boşluq aşkar edilib ki, bu da mobil əməliyyat sistemlərində tapılmış boşluqların ümumi sayının 81%-ni təşkil edir. “Android” mobil əməliyyat sistemində 24, “Windows Phone”-da 14 və “BlackBerry”-də 11 boşluq aşkar edilib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “iOS” platformasının hakerlər arasında populyarlığı “iPhone”, “iPad” və “iPod touch” qurğularına yüksək tələbatın olması ilə izah olunur.

Bundan başqa, “App Store” onlayn kataloqundakı tətbiqlərə sərt nəzarət hakerləri yeni boşluq və “sındırma” üsulları axtarmağa təhrik edir. “Android”, əksinə, virus yaradıcıları üçün maraqlı deyil, çünki bu əməliyyat sistemi açıqdır və quqlfonlar üçün zərərli proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı heç bir problem yoxdur.

Emil Hüseynov




28/03/13    Çap et