Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron xidmətlərlə bağlı yeni təkliflər hazırlanıb


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsi üçün təkliflər hazırlayıb.

"ICTnews" elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, hazırlanan sənəddə 14 təklif irəli sürülüb. Şura qeyd edir ki, sənəddə xüsusi diqqət ölkədə “elektron hökumət” quruculuğu prosesinin sürətlənməsinə və sosial əhəmiyyətli xidmətlərin daha aktiv formada elektron formaya keçirilməsinə, bu sahədə idarəetmə proseslərinin daha çevik və effektiv qurulmasına yönəlib.

Bununla yanaşı, sözügedən təkliflərdə yalnız elektron formada təqdim olunan xidmətlərin deyil, mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən real olaraq təqdim olunan bütün xidmətlərin inventarizasiyasının aparılması və vahid reyestrin hazırlanmasının vacibliyi qeyd olunub. Həmçinin xidmətlərin göstərilməsində bürokratik proseslərin elektronlaşmasının qarşısının alınması, artıq olan proseduraların və zərurət olmadan tələb olunan sənədlərin ləğv edilməsi və ya sayının azaldılması üçün təkliflər nəzərdə tutulub.

Elektron formada təqdim olunan xidmətlərlə bağlı daha az vaxtın tələb olunması üçün qanunvericilik aktlarının araşdırılması və müvafiq qərarların qəbul edilməsinin vacibliyi qeyd olunub.

Hər bir mərkəzi icra orqanları üzrə Elektron xidmətlər bölməsində kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlərin siyahısının da yerləşdirilməsi Təkliflərdə öz əksini tapıb.

Hər bir xidmət üzrə elektron formaya keçidlə bağlı konkret tədbirlərin (maliyyə, reqlament, infrastruktur və s. ) müəyyən olunmasının vacibliyi qeyd olunub. Təkliflərdə “elektron hökumət” quruculuğu istiqamətində həyata keçirilən dövlət proqramları və layihələrində bütün maraqlı tərəflərin iştirakının təmin olunması, onun populyarlaşdırılması və prosesin şəffaflığı üçün mexanizmlərin yaradılması da qeyd olunub.

Təkliflərdə “Elektron hökumət” portalının strukturunun təkmilləşdirilməsi və yenidən qurulması, portalın məzmununun idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində müddəalar yer alıb:

Təkliflər İctimai Şura tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib. Sözügedən təkliflərlə bağlı daha geniş məlumatı bu linkdən - www.informasiya.org/index.php?id=1083 əldə etmək mümkündür.

SEYMUR




28/03/13    Çap et