Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rumıniyada Azərbaycanda nanotexnologiyanın inkişaf perspektivlərindən bəhs edilib


Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov Qara Dəniz Universitetləri Əməkdaşlıq Şəbəkəsinin dəvəti ilə Rumıniyada olub.

BDU-nun mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, səfər zamanı professor M. Ramazanov Buxarest Universitetinin fizika fakültəsinin əməkdaşları qarşısında "Azərbaycanda nanotexnologiyanın inkişaf perspektivləri" mövzusunda mühazirə oxuyub.

Professor M. Ramazanov ölkəmizdə, o cümlədən Bakı Dövlət Universitetində nanotexnologiya sahəsində aparılan tədqiqat işləri, respublikamızın təhsil müəssisələrində nanoelmin tədrisinin yüksək səviyyədə təşkil olunması barədə danışıb.

Alim Bakı Dövlət Universitetində yerinə yetirilən beynəlxalq qrant layihələri, BDU-nun nanoaraşdırmalar laboratoriyasının maddi-texniki bazası, bu ali təhsil ocağının alimlərinin nanotədqiqatlar sahəsində "Tomson Reyter" agentliyinin siyahısına daxil edilən jurnallardakı məqalələri barədə də məlumat verib.

BDU-nun fizika fakültəsi ilə Buxarest Milli Materiallar Fizikası İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Professor M. Ramazanov ulu öndər Heydər Əliyevin Buxarest şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub.

RƏVAN




28/03/13    Çap et