Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“BlackBerry” smartfonları yenidən populyarlaşır
Kanadanın "BlackBerry” şirkəti son iki ay ərzində artıq təxminən 1 milyon yeni "Z10" smartfonu satıb. Bu barədə şirkətin prezidenti Torsten Heyns məlumat verib və əlavə edib ki, firma yenidən rentabelli olmağa başlayıb. Şirkətin rüblük mədaxilinin həcmi 2.68 milyard dollar, xalis mənfəət isə 98 milyon dollar təşkil edib.
Məlumat üçün bildirək ki, 2000-ci illərin əvvəllərində şirkətin istehsal etdiyi smartfonlar ABŞ və digər ölkələrdə geniş populyarlıq əldə etmişdi. Lakin bazara, məsələn, “iPhone” kimi sensor qurğuların çıxarılması nəticəsində “Blackberry” (əvvəlki “RIM”) şirkətinin qlobal bazardakı payı kəskin surətdə azalmağa başlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Blackberry" lider mövqeyini "Z10" və "Q10” aparatlarının köməkliyi ilə geri qaytarmağa ümid edir. Adıçəkilən aparatlar yanvarın 30-da Nyu-Yorkda keçirilmiş təqdimatda nümayiş olunub.
Heynsin sözlərinə görə, "Z10" və "Q10” aparatları digər istehsalçıların smartfonlarından çoxfunksiyalılığına görə fərqlənir. Məsələn, elektron poçta baxmaq üçün hər hansı tətbiqi bağlamağa ehtiyac yoxdur.
Emil Hüseynov
29/03/13 Çap et