Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İndoneziya elektron ticarət operatorlarına qarşı tələblərini sərtləşdirir


İndoneziya ölkədə beynəlxalq elektron ticarət və elektron ödəniş operatorlarının fəaliyyətini dayandırmaq niyyətindədir.

"ICTnews" xəbər xidmətinin "Jakarta Globe" nəşrinə istinadən verdiyi məlumata əsasən, bu tədbirlər operatorların yerli serverlər vasitəsi ilə öz ödənişlərini həyata keçirəcəklərinə və yerli "*.id" domen zonasında sayt açdıqları müddətə qədər qüvvədə olacaq.

Qeyd edilən tədbir "PayPal" və ya "eBay" kimi elektron şirkətlərin fəaliyyətini xeyli çətinləşdirəcək, lakin yerli hakimiyyət orqanlarına kibermühitə təsir etmək imkanı verəcək. İndoneziyanın Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi bu üsulları elektron ödəniş operatorlarının fəaliyyətinin tənzimləmə qaydaları çərçivəsində tətbiq ediləcəyini bildirib.

Bu qaydalar, fırıldaqçıların və nağd puldan istifadə etmək istəyənlərin işlərini çətinləşdirəcək. Yeni qaydalar bu il ərzində tətbiq edilməlidir və onlara uyğun olaraq İndoneziyada fəaliyyət göstərmək istəyən istənilən şirkət, yerli domen qeydiyyatdan keçməlidir ki, bu da yerli hakimiyyət orqanlarına müəssisənin internetdə fəaliyyətini nəzarətdə saxlamağa, hətta onun layihəsini dayandırmağa imkan verir.

Şirkətlər eyni zamanda öz tranzaksiya serverlərini yerli data mərkəzlərində yerləşdirməlidirlər və bu, nəinki xarici, həm də yerli şirkətlərə aiddir.

Analitiklərin qiymətləndirmələrinə əsasən, bu gün İndoneziyada e-ticarət bazarının həcmi 1,5 mlrd. dollar təşkil edir, lakin bu sektor ölkədə aktiv inkişaf edir və "Veritrans & DailySocial"-ın proqnozlarına əsasən onun həcmi 2016-cı ilədək 10 mlrd. dollaradək artacaq.

Aynur Vəliyeva




29/03/13    Çap et