Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur ödəniş sisteminin işi iflic oldu


Bir qrup haker "American Express" (AmEx) ödəniş sisteminin saytına çıxışı bir neçə saatlıq bağlayıb, bu da ABŞ və Kanada istifadəçilərinin kartlarından istifadə etməkdə mane olub.

"ICTnews" xəbər xidmətinin "CyberSecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "AmEx"-ə edilən hücum Yaxın Şərq hakerlərinin Amerikanın maliyyə institutlarına qarşı kampaniyasının davamıdır.

Bir neçə gün bundan əvvəl "JPMorgan Chase" bankının serverlərinə hücum edilib və "DdoS" hücumun nəticəsində bankın İT sahəsinin işi dayanıb. "JPMorgan Chase" bankına hücumun məsuliyyətini müəyyən şəxslər öz boynuna götürüb, lakin "American Express" saytına edilən hücumun məsuliyyətini hələ ki, heç kim boynuna almayıb.

"The New York Times" bildirib ki, "American Express"in müştərilərinə heç bir ziyan vurulmayıb, hücum casusluq niyyəti ilə edilməyib və sadəcə, destruktiv niyyət daşıyıb. "American Express"in nümayəndələri bəyan ediblər ki, hücum dünən baş verib və hakerlər tərəfindən istifadəçi məlumatlarını oğurlamaq cəhdi ilə bağlı heç bir sübut yoxdur.

Aynur Vəliyeva




29/03/13    Çap et