Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşet kompüterləri nə vaxt meydana çıxıb?


Planşet kompüterlərin tarixi ötən əsrin 60-cı illərindən başlayıb. Planşet formasında hazırlanmış elektron cihazlar ilk dəfə filmlərdə nümayiş olunub: ilk əvvəl "Ulduz yolu" teleserialında (1966) "PADD" adlanan planşet göstərilmiş, daha sonra rejissor Stenli Kubrikin Artur Klarkın kitabı əsasında çəkdiyi "2001: Kosmik Odisseya" (1968) filmində "Newspad" adlanan oxşar qurğu nümayiş etdirilib.

"Ulduz yolu" filminin müəllifləri gələcəyi görmə qabiliyyətinə malik idilər: "PADD" (Personal Access Display Device) adlanan planşet kompüteri onların proqnozlarından biri idi

"2001: Kosmik Odisseya" filmindəki astronavtlar səhər yeməyi zamanı "Newspad" planşetinin köməkliyi ilə xəbər oxumağı sevirdilər

İdeyanın yaranması

Məhz 1968-ci ildə mühəndis Alan Key (sonralar "Xerox PARC" elmi-tədqiqat mərkəzinin əsas əməkdaşlarından biri olub) uşaqlar üçün nəzərdə tutulmuş "KiddiComp" adlanan planşet kompüter ideyasını irəli sürüb.

Planşet kompüter sənayesinin təqvimi məhz bu tarixdən aparılır. Alan Key dörd il sonra artıq "Dynabook" adlanan ilk planşetin tam işlənmiş konsepsiyanı təqdim edib və o, yalnız uşaqlar üçün deyil, həm də böyüklər üçün nəzərdə tutulmuşdu.

Təəssüf ki "Dynabook" layihəsini həyata keçirmək mümkün olmur: Alan Keyin inqilabi ideyaları o dövrün texnoloji səviyyəsini xeyli qabaqlayırdı.

Alan Key - planşet kompüterlərin "ata"sı. Əlində "Dynabook" konseptidir

1987-ci ildə "Apple" şirkətinin direktoru Con Skalli öz "Odyssey: Pepsi to Apple" kitabında "Knowledge Navigator" adlanan elektron fərdi köməkçinin konsepsiyasını təsvir etmişdi. Bu qurğu özündə elektron katib konsepsiyası daşıyırdı və şirkətin gələcək inkişafında çox kömək oldu, çünki müasir jestlərlə idarə olan "multi-touch" funksiyası ilk dəfə elə bu qurğuda tətbiq olunmuşdu. Amerika şirkəti altı il sonra imkanlarına görə sözügedən cihaza oxşar "MessagePad Newton" adlanan qurğu istehsal edib. Lakin bu qurğu planşet deyil, cib fərdi kompüteri kimi tanıdılmışdı.


İlk kommersiya həlləri

Tezliklə planşet kompüteri yaratmaq arzusu yalnız özəl şirkət rəhbərlərinin deyil, həm də beynəlxalq təşkilatların direktorlarının ağlına hakim kəsilmişdi. 1994-cü ildə Klarkın kitabı və rejissor Kubrikin çəkdiyi filmdən ilhamlanmış Avropa Birliyi "OMI-NewsPAD" təşəbbüsünü irəli sürüb.

"Acorn Computers" şirkəti layihə çərçivəsində böyük sensor ekran və "ARM" prosessorla təchiz edilmiş elektron qurğu hazırlayır. Məhz "Acorn NewsPAD" tarixdə ilk kommersiya planşeti hesab edilir, çünki əvvəlki həllər yalnız konsept və prototip olub. Lakin layihənin ömrü uzun olmayıb, artıq üç il sonra "Acorn NewsPAD" planşetinin istehsalı və texniki dəstəyi dayandırılıb.

"Acorn NewsPAD" – Avropa Birliyinin təşəbbüsü əsasında yaradılmış ilk kommersiya yönümlü planşet kompüteridir

Beləliklə, planşet kompüterləri dövrünün əsası qoyulur. Belə ki, 1996-cı ildə ağ-qara rəngli sensor ekran və stilusla təchiz edilmiş "DEC Lectrice" adlanan planşet istehsal edilib. O, mətn sənədləri üzərində iş aparmaq üçün nəzərdə tutulmuşdu, ona görə yalnız müasir planşetlərin deyil, həm də elektron kitab oxuyucularının ulu babası hesab edilir.

1999-cu ildə "Intel" korporasiyası internetə çıxış imkanına malik "WebPAD" adlanan ilk planşet kompüterini təqdim edib. O, şirkətin "Strong ARM" prosessoru ilə təchiz edilmişdi. 2000-ci ildə "3Com" şirkəti "Audrey" adlanan elektron qurğusunu təqdim edib.

"DEC Lectrice" planşet kompüteri (solda) elektron sənədlərə baxmaq, "Intel WebPAD" (sağda) isə internetə çıxış imkanı təqdim edirdi

"3Com Audrey" internet-planşeti iki rəngdə (qara və ağ) əlçatan idi. Bundan başqa, tədarük dəstinə xarici klaviatura daxil idi "Microsoft"un hegemonluğu

2002-ci ildə planşet kompüterləri bazarında ilk mikro inqilab baş verib: "Microsoft" şirkəti "Windows Tablet PC Edition" əməliyyat sistemini, onun tərəfdaşları isə bu əməliyyat sistemi ilə işləyən onlarla qurğu təqdim ediblər. Lakin "Microsoft Tablet PC" xəttinə məxsus planşetlər yalnız korporativ sektorda populyar olub. Bu planşetlər orta statistik istifadəçinin cibinə görə deyildi.

Bir çox şirkətlər "Microsoft"un planşet kompüterlər bazarındakı ağalığına son qoymağa çalışırdılar. Məsələn, 2005-ci ildə Finlandiyanın "Nokia" şirkəti öz planşet modelini təqdim etmişdi. "Nokia 770 Internet Tablet" planşet modeli "Maemo" mobil platforması ilə işləyirdi. "Nokia" şirkətinin bu planşet modeli öz sözünü dedi: o, əyani olaraq göstərdi ki, planşetlər mobil əməliyyat sistemi ilə səmərəli şəkildə işləyə bilər.

"Nokia 770 Internet Tablet" – Finlandiya şirkətinin planşet sahəsində ilk təcrübəsidir

2009-cu ildə planşet kompüterləri bazarında böyük dəyişikliklər olacağı gözlənilirdi: artıq bir neçə ay idi ki "Apple" şirkətinin məxfi planşeti haqqında şayiələr gəzirdi. Sözügedən qurğunun nəinki texniki xüsusiyyətləri, heç adı da məlum deyildi.

"CES 2010" sərgisinin ilk günü "HP Slate PC" adlanan planşet kompüteri təqdim edilmişdi. Bu model "x86" arxitekturalı prosessor və "Windows 7" əməliyyat sistemi ilə təchiz edilmişdi.

"HP Slate PC"-nin elanından bir neçə həftə sonra ənənəvi olaraq beynəlxalq sərgilərdə iştirak etməyən "Apple" şirkəti "iPad" planşet kompüterini təqdim edib. Enerjiyə qənaətcil "ARM" prosessoru, mobil əməliyyat sistemi və barmaqla idarə etmə xüsusiyyəti onu rəqiblərindən çox fərqləndirirdi.

Dünyanın aparıcı analitikləri "Apple" şirkətinin yeni məhsulunun uğuruna inanmırdılar. Lakin ABŞ-da "iPad" planşet kompüterinin satışlarına start verilən gün bütün şübhələr aradan qalxdı: Nyu-York şəhərində yerləşən "Apple Store Grand Central" mağazasının qarşısındakı növbənin uzunluğu 100 metrə çatırdı. Bəli, planşet kompüter bazarında ikinci mikro inqilab baş vermişdi.

Amerikanın "IDC" analitik şirkətinin məlumatına əsasən, 2013-cü ildə dünyada 190.9 milyon planşet kompüteri satılacaq. Şirkətin analitiklərinin əvvəlki proqnozuna görə, bu göstərici 172.4 milyon qurğu səviyyəsində olmalı idi.

Ekspertlər qeyd edib ki, proqnoza yenidən baxılması, ilk növbədə, mini-planşetlərə artan tələbatla bağlıdır. "Bu rüb satılan hər bir planşet kompüterinin ekranının diaqonalı 8 düymdən aşağıdır. Həm bu, həm də gələcək illərdə mini-planşetlərə tələbatın artacağına ümid edirik" – "IDC"-nin hesabatında qeyd edilib.

2012-ci ildə dünyada 128.3 milyon planşet kompüteri satılıb. "IDC"-nin proqnozuna əsasən, 2017-ci ilədək bu göstərici 350 milyon səviyyəsinə çatacaq.

2017-ci ilədək "Apple" planşet kompüterlər bazarının 43.5%-nə, "Google" isə 46%-nə sahiblənəcək.

Emil Hüseynov
emilhuseynov86@gmail.com





30/03/13    Çap et