Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ümumdünya “Start-up Müsabiqəsi”nin qalibləri bəlli oldu
Bakıda Ümumdünya "Start-up Müsabiqəsi"nin final mərhələsi baş tutub. Gənc sahibkarlara İKT sahəsində biznes layihələrini gerçəkləşdirmək imkanı verən bu layihənin 4 qalibi seçilib. Beynəlxalq Münsiflər Heyətinin dəyərləndirməsi nəticəsində Rəhman Məmmədlinin "NeWo" layihəsi 1-ci yerə layiq görülüb.
Elvin Əfəndiyevin "Testoloq" layihəsi 2-ci yeri, Rüfət Balakişiyevin "Şəhər Bələdçisi" layihəsi 3-cü yeri və Azər Əliyevin "AziFus" layihəsi 4-cü yeri qazanıb.
Müsabiqədə birinciliyi qazanan layihənin müəllifi 2014-cü ilin fevralında İsveçrənin Lozanna şəhərində keçiriləcək Qrand Final mərasiminə qatılaraq öz biznes ideyasını beynəlxalq hakimlər qarşısında təqdim edəcəklər. 2-ci yerə çıxan start-up İsveçrədə biznes təlimin iştirakçısı olmaq və layihəsini birbaşa investorlara təqdim etmək şansını əldə edib. Finalda 3 və 4-cü yerlərin sahibləri isə hər biri 2000 AZN məbləğində pul mükafatı qazanıblar.
Ümumdünya "Start-up Müsabiqəsi" "Azercell Telekom" MMC, "Barama" İnnovasiya Mərkəzi, "Paşa Bank" və İsveçrənin "Seedstars" şirkətinin birgə dəstəyi ilə baş tutub. İl ərzində ümumilikdə dünyanın 20 ölkəsində ən yaxşı start-upların müəyyənləşdirilməsi üçün müsabiqələr keçiriləcək. Sonradan ölkələr üzrə qaliblər Qrand Finalda yarışacaq.
Qeyd edək ki, yarışmanın Azərbaycan üzrə seçimləri bu ilin fevralından başlayıb. "Azercell"in dəstəyi ilə ilk dəfə azərbaycanlı gənclər də bu beynəlxalq yarışmada iştirak haqqını qazanıblar. Müsabiqəyə 90-dan artıq müraciət daxil olub. Onlardan 20-si son mərhələyə vəsiqə qazanıb. Martın 27-də "Barama" İnnovasiya Mərkəzinin ofisində final iştirakçıları üçün avropalı mentorlar tərəfindən təlimlər, onların layihələrinə aid fərdi məşğələlər keçirilib.
"Azercell"in "Barama" İnnovasiya Mərkəzi gənclərə İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onları həyata keçirməkdə yardım göstərir.
RƏVAN
30/03/13 Çap et