Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səhvən aparılmış ödənişin ləğvini KÖMİS-də necə həyata keçirmək olar?


Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) 2008-ci ildən müvəffəqiyyətlə işləyir və hal-hazırda kommunal ödənişlərin (elektrik enerjisi, qaz, su), yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin, sosial sığorta ödənişlərinin, həmçinin vergi ödənişlərinin qəbulunu həyata keçirir.

KÖMİS-ə qoşulmuş maliyyə qurumlarının ödəniş məntəqələri və "Internet service" xidməti vasitəsi ilə Kütləvi Xidmət Müəssisələri üzrə ödənişlərin toplanması zamanı isə səhvlər istisna edilmir. Bəs səhvən aparılmış ödənişin ləğvini necə həyata keçirmək olar?

"ICTnews" elektron xəbər xidmətinə Mərkəzi Bankdan bildirilib ki, əməliyyatçı avtomatlaşdırılmış iş yeri vasitəsi ilə mədaxil qəbzinin nömrəsini daxil etməklə ödənişi ləğv edə bilər:

"Bu halda ödənişin ləğvi bankın sistem inzibatçısı tərəfindən sistemdə təsdiqlənməlidir. Əks halda əməliyyatçının təşəbbüsü etibarsız sayılır. KÖMİS-dən istifadə ilə bağlı texniki problem yarandıqda isə iştirakçı ilk növbədə problemin daxili kompüter şəbəkəsi, kompüter avadanlığı və istismar qaydalarına riayət olunmaması ilə əlaqədar olmadığını aydınlaşdırmalıdır. Həmçinin verilənlərin ötürülməsi şəbəkəsi standart qaydalarla yoxlanılmalıdır. Əgər hər hansı bir texniki çatışmazlıq aşkar olunarsa, şəbəkə operatoruna müraciət olunmalıdır. Texniki çatışmazlıq bu səbəblərdən baş verməyibsə, Mərkəzi Banka KÖMİS sisteminin inzibatçılarına müraciət olunmalıdır".

KÖMİS-in iştirakçıları üçün tələblərə gəlincə, iştirakçı KÖMİS ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişə, eyni zamanda Mərkəzi Bank tərəfindən müəyyən edilən operatorla imzalanacaq müqavilə əsasında verilənlərin ötürülməsi şəbəkəsinə qoşulmalıdır. Digər tələbə görə, iştirakçı KÖMİS üzrə tələb olunan "Əməliyyatçının iş yeri", "İnzibatçının iş yeri", "Fayl adapteri" və "İnfoChange" modullarından ibarət olan proqram təminatlarına malik olmalı, informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə əməliyyatçı və inzibatçılar üçün rəqəmli sertifikatların saxlanılması məqsədilə "eToken" qurğuları almalıdır.

Maliyyə qurumları KÖMİS-ə qoşularkən KÖMİS-ə qoşulması planlaşdırılan filial və şöbələrin siyahısı, abonentlərdən nağd yolla və ödəniş kartları vasitəsilə yığılan vəsaitlər üzrə müvafiq müxabirləşmələrin aparılması üçün uyğun tranzit hesablar, sistemdə qeydiyyatdan keçirilməsi nəzərdə tutulan Əməliyyatçı və İnzibatçıların siyahısı, KÖMİS sistemi ilə inteqrasiyaya və gündəlik istismar prosesinə cavabdeh olan əməkdaşların siyahısı kimi məlumatları təqdim etməlidirlər.

Qeyd edək ki, Mərkəzi Bankın klirinq sistemilə inteqrasiya sayəsində ödənişlər real zaman rejimində həyata keçirilir.

Sözügedən sistem vasitəsilə ödənişlər bütün sistemə qoşulmuş bank və "Azərpoçt" şöbələrində, həmçinin plastik bank kartları ilə bankomatlarda da qəbul olunur. Bundan əlavə, internetlə də, yəni "apus.az" saytı vasitəsilə də məsafədən ödəniş etmək imkanı mövcuddur.

Sistem həmçinin o baxımdan da rahatdır ki, burada ödənişlərin arxivinə nəzər yetirmək və ödəniş qəbzlərini çap etmək olar. Burada həmçinin ödəniş qəbzlərinin vergi ödəyicisinin elektron ünvanına göndərilməsi funksiyası da mövcuddur. "apus.az"-ın məlumatına əsasən, bu günə kimi KÖMİS sisteminə 58 qurum qoşulub ki, onlardan da 46-sı maliyyə təşkilatlarıdır.

Onlar ümumi sayı 1,7 mindən çox olan filiallarında sözügedən xidmətlər üzrə ödənişləri qəbul edir. Sistemə 4 milyondan çox abunəçi haqda məlumat yüklənib, qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 65 minə çatıb. Hər ay sistem vasitəsilə orta hesabla 42 milyon manat məbləğində 2 milyondan çox ödəniş həyata keçirilir. Statistikaya əsasən sistemin işə başladığı andan 53 milyondan çox ödəniş tranzaksiyası həyata keçirilib.

Həqiqət İSABALAYEVA




01/04/13    Çap et