Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Teleskoplardan alınmış informasiyaların keyfiyyəti və miqdarı xeyli artacaq”
AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) hazırda 6 teleskop fəaliyyət göstərir. Onlardan 2-si günəş, 4-ü isə ulduz teleskopudur. Tədricən onların da idarəolunma sistemləri avtomatlaşdırılacaq.
Çox güman ki, yaxın 2-3 il ərzində bu proses tamamilə başa çatdırılacaq. Ondan sonra teleskoplardan alınmış informasiyaların keyfiyyəti və miqdarı əvvəlkinə nisbətən xeyli artacaq. "ICTnews" elektron xəbər xidmətinə bu barədə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda araşdırmaların bir istiqaməti olan kosmik hava ilə bağlı proqnozlar təsdiqini tapır:
"Kosmik hava ilə bağlı proqnozlaşdırma üzrə ŞAR-da bir qrup işləyir. Bu qrupun özünəməxsus metod və üsulları var. Əldə edilən proqnozlar xarici ölkələrin rəsədxanalarının proqnozları ilə əlaqələndirilir. Qrupun verdiyi proqnozlar, demək olar ki, özünü tam doğruldur. Hələ belə hal olmayıb ki, proqnozlar özünü doğrultmasın".
Qeyd edək ki, ŞAR astrofizika və fundamental astronomiya sahəsində keçmiş sovet və post-sovet elmi proqramlarına töhfə verib. Hazırda rəsədxananın "Ulduz fizikası", "Günəş sistemi cisimlərinin tədqiqi" və "Günəş fizikası" kimi üç əsas elmi istiqaməti var.
Eyni zamanda rəsədxanada Günəş-Yer əlaqələri və kosmik hava, astronomiya tarixi, nəzəri astrofizika, kosmologiya, helioseismologiya, radioastronomiya, praktiki astronomiya, göy mexanikası, qalaktikalar, süni peyklərin dinamikası və s. sahələr üzrə araşdırmalar aparılır. Son illər bu cür obyektlərin tədqiqi üçün istifadə edilən "Eşelle" spektroqrafları uğurla təkmilləşdirilir.
ŞAR Azərbaycanda astronomiya və kosmik elmi bilgilərin təbliğində və tədrisində mühüm rol oynayır. Hazırda ŞAR Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Hollandiya, Fransa, ABŞ, Almaniya, Bolqarıstan, Çexiya, İsrailin bir sıra astronomiya və ona yaxın olan elm müəssisə və təşkilatları ilə əməkdaşlıq edir.
ŞAR əməkdaşları Avropa Beynəlxalq Astronomiya İttifaqının, Beynəlxalq Astronomiya Cəmiyyətinin və Avro-Asiya Astronomiya Cəmiyyətinin, Günəş müşahidələri üzrə Birgə Təşkilatı, Avropa Şurası Elmi İnkişaf / Elmi "Sağlamlıq və ekologiya" Beynəlxalq Şurasının üzvüdür.
ŞAR Beynəlxalq Astronomiya Federasiyasının (IAF) üzvüdür, Birləşmiş Millətlər Əsaslı Kosmik Elmlər Təşəbbüsü (BMƏKET) ilə Beynəlxalq heliofizika ili (BHİ) və Beynəlxalq Kosmik Hava Təşəbbüsü (BKHT) tərəfindən müxtəlif proqramların iştirakçısı olub. Eyni zamanda ŞAR Balkan, Qara dəniz, Xəzər dənizinin Regional Xüsusi Hava Araşdırmaları Şəbəkəsinin təsisçilərindən biridir.
Həqiqət İSABALAYEVA
02/04/13 Çap et