Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları
Əlavə II
Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (bundan sonra - Fond) vəsaitinin istifadəsi mexanizmini və şərtlərini müəyyən edir, o cümlədən layihələr üzrə ərizələrin qəbulu, layihələrin ekspertizasının keçirilməsi, onların maliyyələşdirilməsi, monitorinqi və idarə edilməsi məsələlərini tənzimləyir.
1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları (bundan sonra - İKT) sahəsinin inkişafının prioritet istiqamətləri üzrə investisiya və müsabiqə layihələrinin maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payına, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşuna yönəldilir.
1.3. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, Nazirlər Kabinetinin qərar və sərəncamlarında, dövlət proqramlarında İKT-nin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına həyata keçirilməsi məqsədi ilə Fondun Müşahidə Şurasının (bundan sonra - Şura) müəyyən etdiyi forma və qaydada sahibkarlıq subyektləri arasında müsabiqə keçirilir.
1.4. Qaytarılan güzəştli kredit vəsaitləri, habelə digər daxilolmalar Fondun hesabında saxlanılır və bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlər üçün yenidən istifadə olunur.
2. Layihələrin maliyyələşdirilməsi mexanizmləri
2.1. Fond layihələrin maliyyələşdirilməsinin aşağıdakı mexanizmlərini tətbiq etmək hüququna malikdir:
2.1.1. İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunu;
2.1.2. müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatı) vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini;
2.1.3. innovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsini.
2.2. Hər bir maliyyələşmə mexanizmi üzrə ümumi prinsiplər bu Qaydalarla müəyyən edilir. Layihələrin dəqiq icrasını təmin etmək məqsədi ilə Şura tərəfindən hər bir maliyyələşmə mexanizmi üzrə əlavə reqlamentlərin təsdiq edilməsi nəzərdə tutulur.
3. İnvestisiya fəaliyyəti
3.1. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və ya səhmdar kimi iştirak etməkdir.
3.2. Layihənin investisiya formasında maliyyələşdirilməsi hüquqi şəxsin nizamnamə kapitalının bir hissəsinin Fondun maliyyə vəsaiti hesabına formalaşdırılması və ya artırılması yolu ilə həyata keçirilir.
3.3. Bu zaman Fond ilə həmin hüquqi şəxs arasında forması Şura tərəfindən təsdiq edilən müqavilə imzalanır. Müqavilədə layihənin icrası ilə bağlı maliyyə-təsərrüfat tədbirləri, layihənin nəticələri, layihənin idarə edilməsi və monitorinq mexanizmləri və layihənin reallaşması ilə əlaqədar digər tədbirlər əks olunur.
3.4. Hüquqi şəxsin fəaliyyətinə nəzarət Fondun səhmdar və payçı kimi malik olduğu hüquqlara əsasən həyata keçirilir.
3.5. İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payı, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşu aşağıda qeyd edilən prinsiplərə əsaslanır:
3.5.1. Fondun İKT sahəsində fəaliyyət göstərən və ya yeni təsis edilən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalına investisiya qoyuluşu barədə qərarı iştirak payı təklif edilən hüquqi şəxslərin fəaliyyətinin kommersiya səmərəliliyini əks etdirən biznes-planlarının təhlili və onların təsisçilərinin, habelə digər iştirakçılarının sahibkarlıq fəaliyyəti sahəsində malik olduğu təcrübə və əldə etdiyi nailiyyətlərin nəzərə alınması əsasında qəbul edilir;
3.5.2. Fond investisiya qoyduğu hüquqi şəxsin nizamnamə kapitalında üstün iştirak payına malik olmamalıdır;
3.5.3. kommersiya təşkilatının nizamnamə kapitalına qoyulan investisiya üçün Fondun Müşahidə Şurasının müəyyən etdiyi müddət bitdikdə, Fond əldə etdiyi iştirak payını bazar qiymətləri ilə sataraq, kommersiya təşkilatındakı iştirakına xitam verir.
3.6. Fond investisiya fəaliyyəti ilə əlaqədar aşağıdakıları həyata keçirir:
3.6.1. xarici investorları ölkənin İKT sahəsinə dəvət etmək istiqamətində tədbirlər görür;
3.6.2. birgə müəssisələrin yaradılması məqsədi ilə xarici investorların yerli hüquqi şəxslərlə iş birliyi qurmasına yardım edir;
3.6.3. İKT sahəsinə investisiya qoymaq üçün layihələri müəyyən edir, onların sənaye və maliyyə ekspertizasını keçirir;
3.6.4. Fond üçün investisiya qoyuluşu obyekti ola biləcək innovativ layihələri olan perspektivli hüquqi şəxsləri seçir;
3.6.5. perspektivli investisiya layihələri olan hüquqi şəxslərə investisiya müqavilələrinin hazırlanmasında konsaltinq xidməti göstərir;
3.6.6. investisiyaların həyata keçirilməsi üçün investorların konsorsiumunu formalaşdırır;
3.6.7. Fondun vəsaitlərinin investisiyası çərçivəsində müstəqil və ya investorlar konsorsiumunun tərkibində əməliyyatlar aparır;
3.6.8. Fondun investisiya portfelini idarə edir.
3.7. Fondun vəsaitləri İKT sahəsində aşağıda qeyd olunan istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə investisiya olunur:
3.7.1. tətbiqi elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılması;
3.7.2. innovativ layihələrin yaradılması;
3.7.3. yeni texniki sınaq qurğularının yaradılması;
3.7.4. yeni nümunəvi texnikanın yaradılması və istehsalı;
3.7.5. yeni texnologiyaların yaradılması;
3.7.6. proqram təminatı vasitələrinin yaradılması;
3.7.7. informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni xidmətlərin yaradılması;
3.7.8. elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması.
4. Müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin təqdim edilməsi
4.1. Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir.
4.2. Şura tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş müvəkkil kredit təşkilatı güzəştli kreditlərin verilməsində iştirak edə bilər.
4.3. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Cari il üzrə hər bir müvəkkil bank üçün kredit xətti onun sifarişi əsasında müəyyən edilir. Kredit vəsaitləri layihənin icra tələbindən asılı olaraq sahibkarlara tam və ya mərhələli şəkildə verilir. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanılacaq müqavilədə digər məcburi şərtlərin olmasını tələb edə bilər.
4.4. Kredit vəsaiti bu Qaydaların 5.7-ci və 5.9-cu bəndlərinə uyğun olaraq verilir. Kredit vəsaiti yalnız tam istifadə olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən kredit xəttinin istifadə və ya yeni kredit xəttinin açılması üçün müraciət edilir.
4.5. Müvəkkil kredit təşkilatlarına kreditlərin verilməsi aşağıdakı qaydalara əsasən həyata keçirilir:
4.5.1. müvəkkil kredit təşkilatlarının Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların nizamnamə kapitallarının 150 faizinədək ola bilər;
4.5.2. müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq Fonda ödəməlidirlər;
4.5.3. müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsaitlərinin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür;
4.5.4. müvəkkil kredit təşkilatları tərəfindən sahibkarlıq subyektlərindən qanunvericiliklə və Şura tərəfindən müəyyən olunmuş şərtlərdən başqa digər şərtlərin (əlavə faizlərin ödənilməsi və s.) tələb olunması barədə şikayətlərə Şura tərəfindən baxılır və belə faktlar təsdiq olunduğu təqdirdə Şura müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.
5. Kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə edilməsi
5.1. Müvəkkil kredit təşkilatları bu Qaydalara uyğun olaraq Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.
5.2. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqlarına və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu təqdim edilir.
5.3. Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçikhəcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi layihələrin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.
5.4. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir. Müvəkkil kredit təşkilatı müraciətlərin təmin olunması haqqında Fondun müsbət qərarını aldıqdan sonra kreditlərin sahibkarlara ayrılması haqqında son qərarı verir.
5.5. Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
5.6. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün investisiya layihəsi təqdim etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatları tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verilməlidir. Təqdim olunacaq məlumatın forması Fond tərəfindən müəyyənləşdirilir.
5.7. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilir:
5.7.1. 10 000 manatdan 50 000 manatadək - kiçikhəcmli kreditlər;
5.7.2. 50 001 manatdan 500 000 manatadək - ortahəcmli kreditlər;
5.7.3. 500 001 manatdan 5 000 000 manatadək - böyükhəcmli kreditlər.
5.8. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən, bir investisiya layihəsi üzrə) maksimum həddi 5 000000 manatdan artıq ola bilməz.
5.9. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
5.9.1. kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;
5.9.2. ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;
5.9.3. böyükhəcmli kreditlər üçün - 10 (on) ilədək.
5.10. Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir.
5.11. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləğinin 5 faizindən artıq olmamalıdır.
5.12. Fond tərəfindən büdcə vəsaitləri istisna olmaqla digər mənbələrdən cəlb olunan vəsaitlərə həmin mənbələrlə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla bu Qaydaların 5.10-cu və 5.11-ci bəndləri tətbiq edilir.
5.13. Kreditlərdən istifadə üzrə güzəşt müddəti kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk yarısını əhatə edir. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri üçün müəyyən etdikləri güzəşt müddəti barədə Fonda məlumat verməlidir.
6. Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılması
6.1. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizlər və ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 3 (üç) bank günündən gec olmayaraq Fondun xəzinə hesabına köçürülməlidir. Müvəkkil kredit təşkilatları tərəfindən həmin vəsaitin Fondun xəzinə hesabına köçürülməsi 30 (otuz) bank günündən çox gecikdirilərsə, Şura müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.
6.2. Fond, sahibkarlıq subyektləri tərəfindən əsas borc və faizlərin müvəkkil kredit təşkilatına ödənilməsi müddəti ilə müvəkkil kredit təşkilatları tərəfindən Fonda köçürülməsinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri daxilində müvəkkil kredit təşkilatında yoxlama aparan zaman bu məsələni də araşdırır və Fonda məlumat verir.
6.3. Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılmaması və ya gecikdirilməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.
7. Qrant maliyyələşdirilməsi
7.1. Fond Əsasnaməsində qeyd olunan prioritetlərə uyğun olaraq, şəffaflıq şəraitində müsabiqə əsasında fiziki və hüquqi şəxslərin qrant maliyyələşdirilməsini həyata keçirir.
7.2. Müsabiqə üzrə ərizələrin qəbulu, ilkin təhlili və kodlaşdırılması, daimi və müstəqil ekspertlərin seçilməsi, müstəqil ekspertlər haqqında məlumat bazasının yaradılması və kodlaşdırılması Fondun müvafiq bölməsi tərəfindən yerinə yetirilir.
7.3. Müsabiqədə iştirak etmək məqsədilə hər bir fiziki və hüquqi şəxs ərizə ilə Fonda müraciət etməlidir.
7.4. Fondun Əsasnaməsinə əsasən müsabiqə layihələri ilkin və kompleks ekspertizaların nəticələrinə uyğun olaraq seçilir.
7.5. Fondun müvafiq bölməsi və daimi ekspertləri tərəfindən 15 (on beş) iş günü müddətində kodlaşdırılmış layihələrin ilkin ekspertizası keçirilir, ilkin ekspertizanın nəticələri sistemləşdirilir və qərar qəbul edilir. İlkin ekspertizanın nəticələrinə uyğun olaraq aşağıdakı qərarlardan biri qəbul edilir:
7.5.1. layihənin tam olmaması və ya Fondun fəaliyyətinə və prioritetlərinə uyğun gəlməməsi səbəbindən layihədən imtina edilməsi. Bu halda ərizəçi müvafiq qaydada məlumatlandırılır;
7.5.2. ərizənin növbəti mərhələyə buraxılması və kompleks ekspertizanın keçirilməsi haqqında qərarın qəbul edilməsi.
7.6. Müstəqil və daimi ekspertlər tərəfindən 20 (iyirmi) iş günü müddətində hər layihə üzrə kompleks ekspertiza keçirilir və ekspertizanın nəticəsini özündə əks etdirən rəy, arayış və tövsiyələr Fonda təqdim edilir.
7.7. Fondun müvafiq bölməsi və daimi ekspertləri tərəfindən Şurada baxılmaq üçün hər layihə üzrə müvafiq sənədlər toplusu hazırlanır. Bu sənədlər toplusu əsasında Şuranın iclasında müzakirələr aparılır, rəy və tövsiyələr verilir, müsabiqənin qalibləri müəyyən edilir.
7.8. Layihələrin maliyyələşdirilməsi Fondla müsabiqənin qalibi (layihə rəhbəri) arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Layihənin xərclər smetası, biznes planı və praktiki nəticələrinin istifadəsi ilə bağlı xüsusi öhdəlikləri nəzərdə tutan müvafiq sənədlər müqaviləyə əlavə olunur.
7.9. Layihələr üzrə qrantlar kiçik, orta və böyük həcmli olmaqla, 36 (otuz altı) ay müddətinədək ayrılır.
7.10. Bir layihə üzrə qrant maliyyələşdirilməsinin həcmi 300 000 manatdan çox olmamalıdır.
7.10.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə qrant vəsaiti verilir:
7.10.1.1. 10 000 manatdan 100 000 manatadək - kiçikhəcmli qrantlar;
7.10.1.2. 100 001 manatdan 200 000 manatadək - ortahəcmli qrantlar;
7.10.1.3. 200 001 manatdan 300 000 manatadək - böyükhəcmli qrantlar.
7.11. Müsabiqə əsasında layihələrin seçilməsi daimi və müstəqil ekspert komissiyaları tərəfindən həyata keçirilən ilkin və yekun ekspertizaların nəticələrinə uyğun olaraq yerinə yetirilir.
7.12. Layihənin maliyyələşdirilməsi üç mərhələdə həyata keçirilir:
7.12.1. 12 ay müddəti əhatə edən birinci mərhələdə ilkin maliyyələşdirilmə həyata keçirilir. Bu mərhələdə layihənin biznes-planına uyğun olaraq işlərin təşkilinə qrantın ümumi məbləğinin 20 faizi ayrılır;
7.12.2. 12-24 ay müddəti əhatə edən ikinci mərhələdə maliyyələşdirilmənin davam etdirilməsinə dair qərar ilkin mərhələnin nəticələrinə uyğun olaraq qəbul edilir. Layihənin ilkin mərhələsinin nəticələri layihənin biznes-planında qeyd olunan proqnoz göstəricilərinə müvafiq olaraq qənaətbəxş hesab edildiyi təqdirdə, layihənin aralıq maliyyələşdirilməsinə qrantın ümumi məbləğinin 30 faizi ayrılır;
7.12.3. 24-36 ay müddəti əhatə edən sonuncu mərhələdə müvafiq prosedura uyğun olaraq, layihənin son maliyyələşdirilməsinə qrantın ümumi məbləğinin qalan 50 faizi ayrılır. Bu mərhələdə layihənin kommersiyalaşdırılması məqsədi ilə layihəyə digər investorların vəsaitlərinin cəlb olunması əsas şərt hesab edilir.
8. Layihələrin monitorinqi
8.1. Müvəkkil kredit təşkilatları Fond tərəfindən müəyyən edilmiş qaydalara əsasən ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturu və forması Fond tərəfindən müəyyən edilir. Müvəkkil kredit təşkilatı tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.
8.2. Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər.
8.3. Müsabiqə layihələrinin monitorinqini Fondun müvafiq bölməsi və ya Fondun sifarişinə əsasən müstəqil ekspertlər həyata keçirirlər. 8.4. Müsabiqə layihələrinin monitorinqi aşağıdakı məqsədlərlə həyata keçirilir:
8.4.1. layihə icraçısının imzalanan müqaviləyə əsasən Fondun qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək;
8.4.2. layihə üzrə risklərin azaldılması və aradan qaldırılması üçün tədbirlər görmək;
8.4.3. layihələrin icrası üzrə müvafiq məlumatları layihələrin monitorinq bazasına daxil etmək.
8.5. Müsabiqə layihələrinin monitorinqi layihə icraçısının təqdim etdiyi müvafiq sənədlərin (təqdim olunan layihələrin hüquqi, maliyyə-iqtisadi və elmi-texniki təhlili də daxil olmaqla) yoxlanılması yolu ilə yerinə yetirilir.
8.6. Müsabiqə layihələrinin monitorinqi zamanı Fondun vəsaitlərinin təyinatı üzrə istifadəsi yoxlanılır, müvafiq sənədlər üzrə layihə icrasının faktiki və proqnoz göstəriciləri müqayisəli şəkildə təhlil edilir, təqdim olunan sənədlər (illik audit yoxlamaları, rüblük və illik maliyyə hesabatları və digər məlumatlar) əsasında onun maliyyə vəziyyəti araşdırılır.
8.7. Fond tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, Fondun yazılı tələbinə əsasən həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür.
8.8. Fond tərəfindən müəyyən edilmiş monitorinqin keçirilmə qaydalarının müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) dəfə və daha çox pozulması halları aşkar edildikdə, Fond tərəfindən müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılması dayandırılır və ya o, müvəkkil kredit təşkilatları sırasından çıxarılır.
03/04/13 Çap et