Prezident İlham Əliyev: “İKT sferasının inkişafı bizim uğurlu gələcəyimizi təmin edəcəkdir”
"Keçən il BMT-nin VII İnternet İdarəçilik Forumu Bakıda keçirildi. Hesab edirəm ki, bu tədbirin Azərbaycanda təşkili heç də təsadüfi olmamışdır. Çünki informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf edən və ən perspektivli seqmentidir. Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdir.
Bu il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün, böyük nailiyyət olmuşdur. Qeyd edim ki, 2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir. 2009-cu ildə müvafiq Dövlət Proqramı qəbul edilmiş, 2010-cu ildə "Azərkosmos" Səhmdar Cəmiyyəti yaradılmışdır.
Əldə etdiyimiz nəticələr göstərir ki, bu gün müstəqil Azərbaycan dövləti həqiqətən də sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və bununla da Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaqdır.
Yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və bizim uğurlu gələcəyimizi təmin edəcəkdir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Böyük Britaniyanın "The Buisness Year" jurnalına müsahibəsindən.