Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet üzərindən sifariş edilən elektron imza sertifikatının qiyməti endirildi
Elektron imza vəsiqələrinə artan tələbat nəzərə alınaraq, internet üzərindən sifariş edilən elektron imza sertifikatının qiymətinə 5 AZN güzəşt tətbiq edilməklə, 25 AZN-ə endirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən həyata keçirilən bu tədbir elektron xidmətlərin tətbiqinin daha da genişləndirilməsi, bu xidmətlərdən istifadənin stimullaşdırılması, eyni zamanda əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Belə ki, elektron xidmətlərin gündən-günə artması, "vətəndaş-dövlət" münasibətlərinin "elektronlaşması" elektron imza xidmətlərinin daha da aktuallaşmasını zəruri edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına, əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.
Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir və bu imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.
Həmçinin imza sahibləri Hakimiyyət Orqanları Mərkəzi və ya Elektron Hökumət Mərkəzini seçərək sertifikatları haqqında "Fərdi məlumatlar əsasında sertifikatların axtarışı, sertifikatın təfərrüatlarına baxış", "Elektron sertifikatların yoxlanılması, onlar haqqında ətraflı məlumata baxış", "Sertifikat hadisələri tarixçəsinə baxış", "E-imzalayıcı proqramının və onun işi üçün lazım olan komponentlərin yüklənilməsi" kimi məlumatları əldə edə bilərlər.
Eyni zamanda elektron imza kartından istifadə edərək, E-imzalayıcı proqramı vasitəsi ilə elektron sənədləri yaratmaq və imzalamaq olar. E-imzalayıcı proqramı vasitəsi ilə imzalanmış sənədlərdə imzanın tamlığını yoxlamaq, imza sahibi haqqında da məlumat əldə etmək olar.
E-imzalayıcı vasitəsi ilə tək sənədi deyil, həmçinin şəkil, audio, video fayl, və ya istənilən formatda olan faylları imzalamaq mümkündür. E-imzalayıcı proqramının işləməsi üçün Microsoft .NET Framework 3.5 SP1 və ya daha yeni versiya tələb olunur.
Həqiqət İSABALAYEVA
05/04/13 Çap et