Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəyə qanunsuz gətirilən 347 mobil telefon aşkar edilib


Azərbaycan Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 347 mobil telefonu ölkəyə qanunsuz gətirməyə cəhd göstərən Türkiyə vətəndaşını saxlayıb.

Gömrük Komitəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, idarələrin birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində İstanbul-Bakı aviareysinin sərnişini Türkiyə vətəndaşı Hüseyin Ünlü gömrük nəzarətindən "yaşıl kanal" vasitəsi ilə keçərkən gömrük əməkdaşı tərəfindən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual edilərkən, baqajında və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirib.

Hüseyin Ünlü gömrük nəzarətindən keçdikdən sonra, çıxışda onu Azərbaycan vətəndaşları Vüqar Qasımov və Andrey Tixonov qarşılayıblar və onlarla birlikdə hava limanını tərk etmək istəyərkən, avtodayanacaqda gömrük əməkdaşları tərəfindən saxlanılaraq, əşyalarına baxış və üzərində şəxsi yoxlama keçirilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilib.

Gömrük baxışı zamanı Hüseyin Ünlüyə məxsus əl çantasından 160 ədəd, bel çantasından isə 187 ədəd "Nokia" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı izahat verən Hüseyin Ünlü bildirib ki, aşkar olunan cəmi 347 ədəd "Nokia" markalı mobil telefonu Çin Xalq Respublikasından Türkiyə Respublikasına satış məqsədilə gətirmiş, lakin İstanbulda həmin mallar ölkə ərazisinə buraxılmayıb.

Hüseyin Ünlü Azərbaycana biznes əlaqələri yaratmaq üçün gəldiyini və çantalarından aşkar olunan mobil telefonları isə bir müddət sonra Çinə aparmaq niyyəti ilə gətirdiyini bildirib. O, mobil telefonları bəyan etmədiyini və qanun pozuntusuna yol verdiyini tam etiraf edib.

Aynur Vəliyeva




05/04/13    Çap et