Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərikimya”nın Mərkəzi laboratoriyasında kompüter sistemli müasir xromotoqraflar quraşdırılıb


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin Mərkəzi laboratoriyasında Rusiya istehsalı olan, innovativ texnologiyalara əsaslanaraq yaradılmış kompüter sistemli analiz aparatları (xromotoqraflar) quraşdırılıb və məhsulların fiziki-kimyəvi analizlərinin daha müasir sistemlər əsasında aparılmasına başlanılıb.

“ICTnews” elektron xəbər xidmətinin birliyə istinadən verdiyi məlumata görə, laboratoriyada quraşdırılmış 5 yeni kompüter-xromotoqraf kompleksi vasitəsilə innovativ texnologiyalar əsasında etilenin, propilenin, butilen-butadien fraksiyasının, maye piroliz qətranının, mütləq izopropil spirtinin və digər kimyəvi məhsulların tam və dəqiq fiziki-kimyəvi analizləri aparılır.

Yeni texnologiyalı kompüter-xromotoqraflar əvvəllər texniki təchizatı zəif olan Mərkəzi laboratoriyada aparılması mümkün olmayan, digər müəssisələrdə yerinə yetirilən kimyəvi analizlərin də indi bilavasitə burada həyata keçirilməsinə imkan yaradıb.

Qeyd edək ki, istehsalatda və bütün köməkçi sahələrdə elmin son nailiyyətləri olan mütərəqqi texnologiyalar əsasında yeniləşmə və müasirləşmə prosesinin davamı olaraq Mərkəzi laboratoriya üçün daha bir neçə komplekt yeni xromotoqrafın alınaraq istifadəyə verilməsi nəzərdə tutulub.

CAHANGİR




06/04/13    Çap et