Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN geniş tərkibdə iməclik keçirdi


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar olaraq, aprelin 6-da paytaxt Bakının Səbayel rayonu ərazisində yerləşən "Şıx" massivində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin idarə və müəssisələri geniş tərkibdə iməclik keçirib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, iməclik Bakının Səbayel rayonunun Şıx çimərliyinin sahilkənarı və dağətəyi ərazisində, eləcə də Bakı-Astara magistral yolun kənarında reallaşıb. Kütləvi tədbirdə Səbayel rayonunun icra hakimiyyətinin rəhbər işçiləri və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri yaxından iştirak edib.

Könüllülər əvvəlcə əraziləri məişət tullantılarından, qurumuş ağac və otlardan təmizləyiblər.

Bundan sonra sadalanan yerlərə 3000-dən çox şam ağacı əkilib. Yeni əkilən ağaclarla yanaşı, mövcud olan digər ağaclar da suvarılıb.

Qeyd edək ki, bu kimi tədbirlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bu ilin may ayına qədər həftənin şənbə günləri mütəmadi olaraq təşkil ediləcək.

SEYMUR




06/04/13    Çap et