Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan ilə Macarıstan arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakıda səfərdə olan Macarıstanın milli inkişaf naziri Jujanna Nemet başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sektorunun hazırkı səviyyəsi, ölkədə kosmik sahənin gələcək inkişaf perspektivləri, "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində həyata keçiriləcək yeni layihələr, "Elektron hökumət" layihəsində əldə olunan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Cari ilin fevralında "Azərspace-1" telekommunikasiya peykinin orbitə çıxarıldığını qeyd edən nazir bu peykinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıb. Nazir Bakıda ənənəvi olaraq hər il keçirilən "Bakutel" sərgi-konfransına Macarıstanın müvafiq nazirliyini və informasiya texnologiyaları şirkətlərini dəvət edib.
Bildirilib ki, Azərbaycanda "Yüksək Texnologiyalar Parkı"nın yaradılması istiqamətində işlər aparılır. Növbəti tədris ilindən İnformasiya Texnologiyaları Universiteti, tezliklə isə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayacaq.
Ə.Abbasov ölkəmizdə bu sahəyə sərmayə qoyulması üçün əlverişli mühitin və geniş imkanların olduğunu diqqətə çatdırıb.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun dinamik inkişafının müşahidə olunduğunu qeyd edən Jujanna Nemetin ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. Macarıstanlı nazir İKT sahəsində müsbət nəticələrin əldə olunması üçün kompleks tədbirlərin görülməsinin və birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
08/04/13 Çap et