Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də Litvanın İT şirkətlərinin rəhbərləri ilə görüş keçirilib


Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Litva Biznes Konfederasiyasının (LBK) nümayəndələri və bu ölkənin İT şirkətlərinin rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə Litva Biznes Konfederasiyasının prezidenti Valdas Sutkus bildirib ki, Litva informasiya-kommunikasiya texnologiyaları sektoru üzrə yüksək inkişafa nail olub. Ölkəsində bir sıra İT məhsullarının istehsal olunaraq mərkəzi Avropa bazarına çıxarıldığını vurğulayan qonaq İKT üzrə müəyyən təcrübə əldə etdiklərini bildirib. İnternetin sürətinə görə Litvanın dünyada üçüncü yerdə qərarlaşdığını söyləyən V.Sutkus internetin bütün ölkə ərazisini əhatə etdiyini önə çəkib.

«Biz bilirik ki, Azərbaycan da İKT sahəsini prioritet elan edib. Üstəlik, Azərbaycanda texnoparklar yaradılır. Biz Azərbaycanda İT sektoru ilə yaxından tanış olmaq istəyirik, çünki ölkəniz İKT sahəsi üzrə bölgədə aparıcı mövqe tutur».

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda İKT sektorunda görülən işlərdən söz açaraq bildirib ki, 2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Bu ilin əvvəllərində Azərbaycanın ilk telekommunikasiya peykini orbitə qaldırdığını vurğulayan İ.Məmmədov bildirib ki, “İKT ili” çərçivəsində həyata keçirilən işlərin spektri daha da genişlənəcək.

Nazir müavini ən ucqar kəndləri belə əhatə edən optik kabel xətləri çəkildiyini bildirərək qeyd edib ki, bu istiqamətdə işlər başa çatandan sonra bütün ölkə ərazisi genişzolaqlı və sürətli internetlə təmin olunacaq. Litva və Azərbaycanın İT şirkətlərinin müştərək məhsul istehsal etməsinin də mümkünlüyünü qeyd edən İ.Məmmədov qarşılıqlı təcrübə mübadiləsinin böyük əhəmiyyət daşıdığını söyləyib.

SEYMUR




08/04/13    Çap et