Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov xarici ölkələrin qabaqcıl universitetlərinin İT ixtisaslarında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Tələbə gəncləri salamlayan nazir xaricdə təhsil alan tələbələrlə keçirilən görüşlərin ənənə halı aldığını qeyd edərək, ölkə prezidenti İlham Əliyev cənablarının sürətlə inkişaf etməkdə olan Azərbaycanda yüksək intellektə malik gənc kadrların hazırlanmasına göstərdiyi xüsusi qayğı nəticəsində dünyanın ən tanınmış universitetlərində yüzlərlə azərbaycanlı gəncin təhsil aldığını, bunların arasında informasiya-kommunikasiya texnologiyaları sahəsini əhatə edən ixtisaslar üzrə təhsil alan gənclərin də olduğunu vurğulayıb. Eyni zamanda, nazir, ölkə başçısının imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “İKT üzrə Kadr Hazırlığı Proqramı”nın həyata keçirildiyini və İKT üzrə İnsan Resurslarının İnkişafı Fondunun təsis edildiyini qeyd edib.
Natiq kadr hazırlığı məsələsində Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”nda və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı”nda adı yer almış universitetlər və ixtisasların əsas götürüldüyünü diqqətə çatdıraraq indiyədək nazirlik tərəfindən 168 tələbəyə maddi-mənəvi dəstək göstərildiyini, onların bakalavr, magistr və aspirantura pillələrində təhsil almalarına nail olunduğunu xatırladıb.
Eyni zamanda, nazir Əli Abbasov tələbələrin təhsil və məişət problemləri ilə maraqlanaraq, onların həll edilməsi üçün lazımi tapşırıqlar verib. Tələbələr öz çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etmiş, göstərilən qayğıya cavab olaraq elmi biliklərə yüksək səviyyədə nail olmağa, təhsil aldıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə söz veriblər.
Görüşün sonunda nazir tələbələrə müvəffəqiyyətlər arzulayaraq, onlara harda yaşamaqlarından, harda işləməklərindən asılı olmayaraq Azərbaycanı unutmamağı, Vətənə xidmət göstərməyi tövsiyə edib.




02/08/11    Çap et