Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil tətbiq bazarında gəlirin həcmi artıb


2013-cü ilin birinci rübündə smartfon və planşetlər üçün nəzərdə tutulmuş tətbiq bazarının həcmi 9% artaraq 2.2 milyard dollar olub. Hesabat dövründə “Apple App Store”, “Google Play Store”, “Microsoft Windows Phone Store” və “BlackBerry World” onlayn kataloqlarından 13.4 milyard tətbiq və oyun köçürülüb ki, bu da ötən rüblə müqayisədə 11% çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mobil tətbiqlərin yüklənmə həcmi və satış tempi daha çox Braziliya, İndoneziya və Cənubi Afrika kimi inkişaf etməkdə olan ölkələrdə müşahidə edilir. İnkişaf etmiş ölkələrdə bazar tempinin artması haqqında məlumat yoxdur. Lakin Şimali Amerikada 2013-cü ilin birinci rübündə tərtibatçıların mobil tətbiqdən gəliri 8%, yüklənilən proqram və oyunların sayı isə 6% artıb.

Avropada bu göstəricilər müvafiq olaraq 8% və 10% artıb. “App Store” ən gəlirli tətbiq mağazası olaraq qalır: gəlirin 74%-i onun payına düşür. Bu göstərici üzrə “Google Play” ondan geri qalsa da, lakin yükləmələrin sayına görə liderdir, yükləmələrin 51%-i məhz bu mağazanın payına düşür.

Tətbiq satışı ilə məşğul olan ən böyük mobil internet mağazalarından biri “GetJar”ın qiymətləndirməsinə görə, qarşıdakı 3 il ərzində mobil tətbiq bazarının həcmi 17,5 milyard dollar olacaq.

Emil Hüseynov




09/04/13    Çap et