Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Texnologiya üzrə innovativ fikirləri dəstəkləyən müsabiqənin ikinci mərhələsi keçiriləcək


“Yeni Fikir” müsabiqəsində ikinci mərhələyə vəsiqə qazanmış layihələr 19-20 aprel tarixlərində Münsiflər heyəti qarşısında təqdimat edəcəklər. Hər bir təqdimat üçün məhdud vaxt veriləcək.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Qafqaz Universitetindən məlumat verilib. Universitetdən qeyd edilib ki, müsabiqənin ikinci turuna 49 layihə vəsiqə qazanıb. Növbəti - üçüncü tur “Büdcənin və Biznes planın hazırlanması” istiqaməti üzrədir.

Bu mərhələdə - 25-27 aprel tarixlərində təlimlərin keçirilməsi nəzərdə tutulur. Biznes-planın son təslim tarixi 12 maydır. Qaliblər isə mayın 20-də elan ediləcəklər.

Qeyd edək ki, müsabiqənin təşkilatçıları QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı), İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (İKTETM), Azərbaycan İEEE Kompüter şöbəsi və Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzidir.

Müsabiqənin məqsədi texnologiya - başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. sahələrdə innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir.

Müsabiqənin nəticəsi olaraq, Münsiflər heyəti tərəfindən qəbul edilən 5 innovativ ideyanın sahibi olan qrupa QU Texnoparkının İnkubasiya Mərkəzində 1 il fəaliyyət göstərmək imkanı, ilk 3 yeri tutan qrup üzvlərinə Türkiyə Respublikası Orta Doğu Texnik Universitetinin Texnoparkında 1 aylıq təcrübə imkanı, irəli sürülən ideya üçün sərmayəçi investor tapa bilmək şansı, təyin olunmuş biznes rəhbəri alma fürsəti yaradılacaq.

HƏQİQƏT




10/04/13    Çap et