Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanla Avstriya arasında elektron səhiyyə sahəsində əməkdaşlıq müzakirə ediləcək


Azərbaycanla Avstriya arasında elektron səhiyyə sahəsində əməkdaşlığın mümkün istiqamətləri Türkiyədə müzakirə ediləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhardın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda rəsmi səfərdə olan Avstriya Səhiyyə sistemləri və texnologiyaları korporasiyasının (AHC) icraçı direktoru Kristian Tino Terraneo məlumat verib.

Onun sözlərinə görə, gələn həftə Türkiyənin İstanbul şəhərində elektron səhiyyə sahəsi üzrə ekspertlər səviyyəsində böyük toplantının təşkili gözlənilir:

"Azərbaycanla da ekspertlər səviyyəsində bizim bir neçə görüşümüz baş tutub və bu görüşlərin nəticəsi olaraq, elektron səhiyyə sisteminin demo versiyası ilə tanışıq. Burada əsas məsələ pasiyentlərlə bağlı məlumatların bütün ölkə üzrə rəqəmli sistemə keçirilməsidir".

AHC-nin icraçı direktoru Türkiyədə təşkil ediləcək toplantıda Azərbaycanla Avstriya arasında elektron səhiyyə xidmətlərinin təşkili ilə bağlı növbəti görüşün nəzərdə tutulduğunu qeyd edib: "İstanbulda keçiriləcək toplantıda Azərbaycanın elektron səhiyyə sisteminin təmsilçiləri, o cümlədən Azərbaycan Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə ilə bir daha görüşəcəyik və orada danışıqlarımızı yenidən davam etdirəcəyik. Məqsəd Azərbaycanın ölkə başçısının Avstriyaya rəsmi səfərindən öncə "Elektron hökumət" proqramı çərçivəsində elektron səhiyyə sahəsində konkret addımların atılması ilə bağlı sənədin imzalanmasına nail olmaqdır".

Qeyd edək ki, AHC - Avstriya Səhiyyə sistemləri və texnologiyaları korporasiyası (Austrian Health Care Systems & Engineering) sözügedən ölkənin səhiyyə sahəsində aparıcı şirkətlərindəndir. Şirkət bütün dünyaya səhiyyə sahəsində, o cümlədən milli sağlamlıq proqramları çərçivəsində sınanmış, müasir həlləri təklif edir. Elektron səhiyyə sistemləri üzrə ixtisaslaşmış şirkətin Azərbaycanda rəsmi tərəfdaşı "Bestcomp" şirkətidir.

HƏQİQƏT




10/04/13    Çap et