Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fərdi kompüter bazarı iflasa uğrayır?
Dünya kompüter bazarının araşdırılması ilə məşğul olan iki böyük şirkət “IDC” və “Gartner” bu ilin birinci rübünün nəticələrini açıqlayıblar. «ICTnews» xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkətlər fərdi kompüterlərin satış həcminin sürətlə azalmasını bildiriblər və hər iki şirkət bunun səbəbini istifadəçilərin planşet və noutbuklara keçidi ilə, eyni zamanda “Windows 8” satış həcmlərinin azalmasında görürlər.
“IDC” şirkətinin qiymətləndirilmələrinə əsasən, birinci rübdə yeni kompüterlərin satışları ötən illə müqayisədə 14% azalıb, bu son 17 ildə müşahidə olunan ən böyük azalmadır. Qərb ölkələrində hətta 2000-ci ilin əvvəlində, “dotkom kisəsi” partladığı zaman, belə azalma qeydə alınmayıb. Xatırladaq ki, “Gartner”in hesablamalarına görə, azalma 11,6% təşkil edib. Hər iki şirkət bu ilin birinci rübündə bazarda azalma müşahidə olunacağını proqnozlaşdırmışdılar, lakin onlar bunun 7-8% səviyyəsində olacağını gözləyirdilər.
Analitiklər deyirlər ki, azalmanın 11,6% və ya 14% olması o qədər də vacib deyil, əsas odur ki, istifadəçilər yeni kompüter almaqdan imtina edirlər. Bu, ya çətin maliyyə vəziyyəti ilə bağlıdır, ya da onlar smartfon və yaxud planşetlərə üstünlük verirlər.
ABŞ, Avropa və Asiya kimi regionlarda “Hewlett-Packard”, “Dell”, “Asus” və “Acer” şirkətlərinin satışlarının azalması qeydə alınıb. Təkcə “Lenovo” şirkəti ötən illə müqayisədə artıma nail olub, bu da Çinin daxili istehlakı, həmçinin rəsmi Pekinin Çinin kənd və rayonlarında yerli texnikanın alınmasına yönəlmiş tədbirləri sayəsində baş verib. Qeyd edək ki, bu ölkədə hökumət, aşağıgəlirli aqrar regionların sakinləri tərəfindən yeni texnikanın alınması üçün subsidiyalar müəyyən ediblər.
“Windows 8” əməliyyat sisteminə olan ümidlərin doğrulmaması azalmaya fundamental təsir göstərib. Öncə “Microsoft” öz yeni əməliyyat sisteminin satış həcmlərindən, satışların artım templərindən razı olduğunu bildirsə də, “IDC” və “Gartner”in apardığı araşdırma göstərib ki, “Microsoft” rəqəmlərlə oynayır və reallıqda vəziyyət acınacaqlıdır. Yəni istehlakçı kütləsi daha çox “iPad” almağa üstünlük verir, nəinki “Windows 8” ilə təchiz edilmiş kompüter.
“IDC” hesabatına əsasən, rüb ərzində bazara 76,3 milyon yeni kompüter və noutbuk təqdim edilib. “IDC” mütəxəssisləri bildirib ki, fərdi kompüter bazarında azad azalma artıq bir ildir ki davam edir. “Gartner” analitikləri isə öz növbəsində, yeni fərdi kompüterlərin satışlarının həcminin 79,2 milyon təşkil etdiyini bildirir və qeyd edir ki, 2009-cu ildən bu günə kimi rüb ərzində 80 milyondan aşağı satış həcmi müşahidə edilməyib.
“The Wall Street Journal” nəşri bu gün Amerikanın iri korporativ istifadəçiləri arasında sorğu keçirib və bu nəticəyə gəlib ki, onların əksəriyyəti “Windows 8”-ə keçmək niyyətində deyil.
Jurnal yazır ki, “Ricoh Americas Corp” şirkəti hər üç ildən bir kompüter parkını yeniləyir, buna baxmayaraq, artıq 4 ildir ki şirkət kompüter parkını yeniləsə də, “Windows 8” platformasına keçmək niyyəti yoxdur. ”Windows 8”-də heç bir mənfi xüsusiyyət yoxdur, amma bu əməliyyat sistemində bizim üçün önəmli olan xüsusiyyətlər yoxdur”- deyə şirkətin əməliyyat direktoru Treysi Rotenberq bildirib.
“Garnter” şirkəti “Windows 8» tətbiq həcmlərinin yaxın rüblər ərzində artmasını proqnozlaşdırır. Hər iki şirkət “Hewett-Packard” şirkətini satış həcmlərinə görə birinci yerdə görürlər, lakin məhz bu şirkət il ərzində göstəricilərinin ən çox azalmasını (24%) nümayiş edib. Dördüncü yerə sıxışdırılmış “Dell” şirkətinin isə, il ərzində göstəricilərinin 11% azalması qeydə alınıb.
Analitik şirkətlər qeyd edib ki, il ərzində orta hesabla 350 milyon yeni kompüter satılır, lakin bu dəfə “IDC” və “Gartner” 200 milyona yaxın kompüterin satılmasını gözləyir.
Aynur Vəliyeva
11/04/13 Çap et