Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MTRŞ Rəqəmli TV yayımı ilə bağlı iclas keçirdi
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda rəqəmli yayımla bağlı növbəti iclasını keçirib. Şuradan "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, iclasda ölkədə DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar olaraq qarşıda duran vəzifələr müzakirə edilib.
Respublika ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar zəruri texniki-hüquqi prosedur və sənədlərin müvafiq qanunvericilik və beynəlxalq təcrübəyə uyğun surətdə hazırlanması məqsədilə teleradio yayımçılarının xüsusi razılıq (lisenziya) verilməsi və xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılması Milli Televiziya və Radio Şurasının qərarına əsasən müvəqqəti olaraq təxirə salınıb.
Belə ki, "Rəqəmli radio-televiziya yayımı üçün lisenziyaların verilməsi Qaydaları"nın hazırlanması işinin başa çatdırılmasının təmin edilməsi Milli Televiziya və Radio Şurası Aparatına tapşırılıb.
Eyni zamanda, iclasda xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə Şuraya müraciət edən teleradio yayımçılarının fəaliyyətinin xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərə baxılanadək davam etdirilməsi qərara alınıb.
SEYMUR
12/04/13 Çap et