Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “Elektron hökumət” sahəsində ixtisaslaşan yerli şirkət təcrübəsini MDB ölkələrində tətbiq edəcək
“Elektron hökumət” həllərinin komponentləri üçün proqram təminatı və aparat təchizatı üzrə ixtisaslaşan “'SayberNet”' MMC Tacikistan Respublikasının Dövlət Vergi Komitəsi ilə müqavilə imzalayıb.
“ICTnews” elektron xəbər xidmətinə MMC-dən verilən məlumata görə, Tacikistanda “Məlumatların Nəzarət Kassa Aparatlarına elektron ötürülməsi üçün GSM modullarının, Tacikistan Respublikası Vergilər Komitəsinin serverləri ilə Nəzarət Kassa Aparatlarının arasında elektron əlaqənin yaradılması üçün proqram təminatının alınması” layihəsinin həyata keçirilməsi üçün tenderin qalibi olmuş şirkət hazırda layihəni uğurlu şəkildə tətbiq etməkdədir:
“Azərbaycan tərəfindən edilən təklif həm texniki keyfiyyət, həm də qiymət baxımından üstünlüyü ilə seçilib. Belə ki, “SayberNet” vergi inzibatçılığı sahəsində, xüsusilə kassa aparatlarında manipulyasiyanın məhdudlaşdırılması, mərkəzi və yerli kassa aparatlarına nəzarət baxımından Azərbaycan təcrübəsinin MDB-də tətbiq etməyə hazırlaşan ilk şirkət olub”.
İcraçı şirkət qarşısında layihə tələblərinə uyğun olaraq EÖQ (Elektron Ötürücü Qurğular) istehsalı, EÖQ-lar üçün proqram təminatının hazırlanması, avadanlıqların quraşdırılması, test və həyata keçirilməsi, yerlərdə mütəxəssislərin tədrisi, təlimlərin keçirilməsi, yerli texniki dəstək qrupunun yaradılması, EÖQ-ların proqram təminatının NKA-nın (Nəzarət Kassa Aparatları) proqram təminatları ilə uyğunlaşdırılması və s. kimi məsələlər qoyulub:
“Layihə planına uyğun olaraq, şirkət mütəxəssisləri qarşıda qoyulan məsələlərin həllini uğurla həyata keçirməkdədirlər. EÖQ-lər tələb olunan həcmdə istehsal olunaraq, proqram təminatı ilə birlikdə sifarişçiyə təqdim olunub. Hazırda Tacikistanda istifadə edilən, müxtəlif istehsalçılara məxsus və müxtəlif tip proqram təminatı əsasında fəaliyyət göstərən Nəzarət Kassa Aparatlarının “SayberNet”-in məhsulu olan Elektron Ötürücü Qurğuların proqram təminatı ilə uyğunlaşdırılması prosesi həyata keçirilir”.
Layihənin cari ilin may ayına qədər davam edəcəyi və avadanlığın quraşdırılması, proqram təminatı və inkişafı, test edilməsi, yerli mütəxəssislərin təlimləndirilməsi və yerli xidmət komandasının yaradılmasını əhatə edəcək: “Qeyd edək ki, elektron ötürücü cihaz və ani köçürmə sisteminin mərkəzi serverə ötürülməsi bölməsi tamamilə “SayberNet” şirkəti tərəfindən işlənib hazırlanıb. Yaxın zamanda bu uğurlu təcrübənin layihə şəklində Qırğızıstan, Qazaxıstan, Belarus və Moldova kimi ölkələrdə də tətbiq ediləcəyi gözlənilir”.
Bu istiqamətdə aparılan ilkin danışıqların nəticələri “SayberNet”-in ölkə hüdudlarından kənarda da fəaliyyətini genişləndirəcəyinə əsas verir: “İKT sənayesi Azərbaycan iqtisadiyyatının ikinci ən sürətlə inkişaf edən sektorudur. Təsadüfi deyil ki, ölkə prezidenti İlham Əliyev 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında sərəncam imzalayıb. “Synergy Group” ASC-nin İKT sektorunu mühüm investisiya sahəsi kimi dəyərləndirməsi və bu istiqamətə əhəmiyyətli sərmayə qoymasının nəticəsidir ki, bu gün “SayberNet” İKT sahəsində “Synergy Group”-un uğuru hesab edilir”.
Qeyd edək ki, 2004-cü ildə yaradılmış “SayberNet” 2011-ci ildə “Synergy Group”-a daxil olub və fəaliyyəti müddətində bir sıra özəl və dövlət müəssisələri üçün peşəkar İT həlləri təqdim etməkdədir. “Elektron hökumət” tipli xidmətlərin hazırlanması və tətbiqində “SayberNet”-in xüsusi əməyi olub.
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVIS), kommersiya hüquqi şəxslərin vergi qeydiyyatında “bir pəncərə” sistemi, sahibkarlar üçün elektron vergi xidmətləri, dövlət qurumları arası məlumat mübadiləsi sistemi, elektron vergi auditi, Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində informasiya sistemlərinin yaradılması və s. kimi layihələr “SayberNet”-in informasiya texnologiyalarının dövlət və özəl sektorda tətbiqinə dair nailiyyətlərinə nümunədir.
Həqiqət İSABALAYEVA
12/04/13 Çap et