Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“StartUp Azərbaycan” müsabiqəsi çərçivəsində 10 layihə yaradıcısına investorlarla görüş hədiyyə ediləcək


“Bakcell” şirkəti “StartUp Azərbaycan” layihəsinin uğurlu ideyalarını maliyyələşdirə biləcəyini bildirib. “Bakcell” şirkətinin korporativ əlaqələr üzrə şöbəsinin mətbuat ilə iş üzrə baş mütəxəssisi Süheylə Cəfərovanın “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, layihədə “Bakcell”in “StartUp” layihələrinin hər hansı maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmur.

“Amma buna baxmayaraq, müsabiqənin sonunda, ən maraqlı 5-10 “StartUp” layihəsinin yaradıcıları ilə investorların görüşü təşkil ediləcək və bu görüş çərçivəsində ola bilsin ki, “Bakcell” şirkəti və ya digər şirkətlər, maraq doğuran layihələrin maliyyələşdirilməsini boyunlarına götürsün. Bu, layihənin iştirakçılarına bir növ mükafat olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, “StartUp Azərbaycan” layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Qaliblərin təqdimatının iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur. “StartUp Azərbaycan” layihəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir. Layihənin baş sponsoru “Bakcell” şirkətidir. “Microsoft”, “İnfi Pro” şirkətləri də “StartUp Azərbaycan”ın sponsorlarıdır.

Aynur Vəliyeva




15/04/13    Çap et