Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Devid Horki: “Azərbaycanın elmi nəşrlərinin “Thomson Reuters” agentliyinin bazasına daxil olunması üçün bütün zəruri tədbirlər görüləcək”


Azərbaycana "Thomson Reuters" agentliyinin məlumat bazasından istifadə hüququnun verilməsi istiqamətində müvafiq sənədlərin hazırlanması üçün bir sıra dövlət qurumları ilə birgə işlər aparılır. Bu fikri təhsil naziri Misir Mərdanov "Thomson Reuters" agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə meneceri Devid Horki, Afrika və MDB ölkələri üzrə baş meneceri Nader Kırqız və agentliyin Türkiyə təmsilçisi Mətin Tunç ilə görüşündə bildirib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hələlik Azərbaycanda dərc olunan yalnız bir jurnalın "Thomson Reuters" agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil edildiyini söyləyən təhsil naziri onların sayının artması, azərbaycanlı alimlərin məqalələrinə istinad indeksinin yüksəlməsi üçün böyük potensialın mövcud olduğunu, Azərbaycanda nəşr olunan 400-ə yaxın elmi jurnal və məcmuənin Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısına daxil edildiyini nəzərə çatdırıb.

Son illər Azərbaycan alimlərinin impakt faktoru olan beynəlxalq elmi jurnallarda daha çox məqalələrinin dərc edildiyini vurğulayan nazir bu baxımdan "Thomson Reuters" agentliyi ilə birgə beynəlxalq konfransların təşkilinin əhəmiyyətinə toxunub. Agentliklə əməkdaşlıq sayəsində beynəlxalq patentlər barədə məlumatların alınmasının perspektiv elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə müsbət təsiri barədə fikirlərini bildirən təhsil naziri qarşılıqlı əlaqələrin inkişafına verdikləri önəmə görə qonaqlara təşəkkürünü bildirib.

"Thomson Reuters" agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə meneceri Devid Horki qeyd edib ki, Azərbaycanın elmi nəşrlərinin "Thomson Reuters" agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olunması, impakt faktoru olan beynəlxalq elmi jurnallarda azərbaycanlı alimlərin daha çox məqalələrinin dərc edilməsi və digər istiqamətlər üzrə uğurlu nəticələrin qazanılması üçün agentlik tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcək.

"Thomson Reuters" agentliyinin Afrika və MDB ölkələri üzrə baş meneceri Nader Kırqız birgə əməkdaşlığın inkişafı istiqamətində Azərbaycana hərtərəfli dəstək göstərməyə hazır olduqlarını bildirib.

Qonaq qeyd edib ki, ilkin olaraq ali təhsil müəssisələrinin nümayəndələri, elmi jurnalların kollektivləri və alimlər üçün müvafiq seminarlar təşkil ediləcək, qarşıya qoyulmuş hədəflərə uyğun strategiya müəyyənləşdiriləcək.

HƏQİQƏT




16/04/13    Çap et