Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda "Elektron hökumət"in informasiya sisteminə qoşulan dövlət idarələrinin sayı 8-ə çatacaq


Azərbaycanın Təhsil və Səhiyyə nazirlikləri "Elektron hökumət" dövlət informasiya sisteminə qoşulacaq. Dövlət müəssisələri arasında informasiya mübadiləsi üçün artıq "Elektron hökumət" informasiya sisteminin fəaliyyətinin həyata keçirilməsinə başlanıb. İndiyədək əsas server Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yerləşən sistemə nazirliyin özündən başqa, Ədliyyə, Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi, DSMF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qoşulub. Bu dövlət müəssisələrində serverlər və informasiya təhlükəsizliyi sistemləri quraşdırılıb, servislərin və onların sistemdə informasiya məlumatlarının əlaqələndirilməsi üzrə işlər aparılır. Bundan başqa, "Elektron hökumət"in informasiya sistemi bazası əsasında ödənişli xidmətlərdən istifadənin təmini üzrə işlərə də başlanılıb.
Dövlət idarələri tərəfindən göstərilən bütün elektron xidmətlər, eləcə də yaranacaq yeni xidmətlər "Elektron hökumət"in vahid portalına köçürüləcək. Onun yaradılması üzərində iş başa çatmaq üzrədir.
Portal nazirliklərin bir-biri ilə elektron şəkildə fəaliyyət göstərməsi sayəsində vətəndaşlardan tələb olunan sənədlərin sayının azaldılmasına yönəlib. "Elektron hökumət" portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək “X-Road” sisteminin prinsipindən istifadə olunacaq. Qeyd edək ki, “X-Road” sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə, eləcə də "dövlət-vətəndaş" dialoqunun aparılması imkanı ilə interaktiv servisləri təqdim etməyə imkan verəcək.




03/08/11    Çap et