Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüksək texnoloji inkişaf İsveçi zibilsiz qoydu


Ən yüksək texnoloji inkişaf nümayiş etdirən İsveç bu həftə maraqlı, eyni zamanda məzəli xəbərlə gündəmə gəlib: elektrik və istilik tələbatının böyük hissəsini tullantılardan əldə edən ölkədə zibil tükənib.


"www.yesilist.com" saytında yer alan bu xəbərə görə, zibilin bitməsi İsveçi ciddi çətinlik qarşısında qoyub. "ICTnews" elektron xəbər xidmətinin sayta istinadən verdiyi məlumata əsasən, 250.000 -ə yaxın evin müvafiq ehtiyaclarını məhz bu yolla ödəyən İsveç hökuməti tullantıların emalı hesabına alternativ enerji mənbələrindən istifadə sahəsində böyük təcrübəyə malikdir.

Vəziyyətdən çıxış axtaran hökumət qonşu Norveçdən zibil idxalı yolunu seçib. Bundan sonra İsveç Norveçdən ildə (başlanğıc olaraq) 80.000 ton zibili satın alacaq. 9,5 milyon əhalisi olan ölkədə çıxan tullantıların yalnız 4 faizi təkrar emala yararsız sayılır.

Vətəndaşların tullantı mövzusunda həssas olması İsveçin zibildən yanacaq olaraq istifadə etməsi, eyni zamanda ölkədə zibilin tükənməsinin əsas səbəbi kimi qiymətləndirilir. Mövcud razılaşmaya görə, Norveç tullantılarının məhv edilməsi məqsədilə İsveçə pul ödəyir. İsveç də ona pul qazandıran bu tullantıları yanacaq halına gətirərək, öz əhalisinin ehtiyaclarının ödənilməsinə yönəldir.

Yəni havayı əldə etdiyi bu tullantılar ölkəyə üstəlik elektrik və istilik xidmətləri sahəsində pul qazandırır. İsveçin tullantı idxalı ilə bağlı növbəti əməkdaşlıq edəcəyi ölkələr sırasında tullantıların emalı sahəsində müvafiq infrastruktura malik olmayan, amma bu zibillərdən azad olmaq istəyən Balkan ölkələri, İtaliya, Rumıniya var. Hətta Türkiyənin də həmin ölkələr sırasına daxil edilməsi istisna edilmir.

HƏQİQƏT




17/04/13    Çap et