Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Klaus Kersten: “Avstriya Azərbaycanla elektron xidmətlərdən istifadənin genişləndirilməsi sahəsində təcrübəsini bölüşməyə hazırdır”
Avstriya "Elektron hökumət" quruculuğu və elektron xidmətlərdən istifadə ilə bağlı Azərbaycanın təhsil sektoru ilə əməkdaşlıq etməkdə maraqlıdır. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Avstriyanın Beynəlxalq Biznes Məktəbinin (International Business School Austria) direktoru Klaus Kersten məlumat verib.
Direktor elektron xidmətlərdən istifadənin genişləndirilməsi və kütləviləşdirilməsi sahəsində əhalinin maarifləndirilməsi metodları üzərində uzun illərin təcrübəsinə malik olduqlarını qeyd edib: "Avropa Komissiyası məktəbyaşlılara gələcək həyatlarında lazım ola biləcək bütün məlumatların, həmçinin onların gələcəkdə sahibkar kimi yetişməsində vacib rolu ola biləcək bütün zəruri informasiyaların elə məktəb masası arxasından verilməsinə başlanılması ilə bağlı 2004-cü ildə qərar verib.
Komissiya bu qərarla Avropa Birliyi ölkələrinə konkret mesaj göndərdi ki, sahibkarlıq üçün artıq kadr hazırlığı aparılmalıdır. Buna cavab olaraq, Avstriya Ticarət Palatası təhsil proqramı - kurrikulum hazırladı".
K.Kerstenin sözlərinə görə, kurrikulumun əsas istiqamətini gənclərin gələcək sahibkarlıq fəaliyyətinə hazırlanması təşkil edir:
"Bunun nəticəsi olaraq, gənclərə müvafiq təhsil üzrə sertifikat xarakterli sənəd verilir. Bu, Avstriya Ticarət Palatasının ən böyük layihələrindən sayılır. Həmçinin layihə Avropa Komissiyası tərəfindən ən uğurlu və ən yaxşı layihələrdən biri kimi qiymətləndirilib və hazırda bir çox ölkələrdə istifadə olunur. Bizim həm müəllim, həm də şagird kontingenti üçün çox geniş təlim-tədris materiallarımız var. Bunun üçün biz elektron imtahan sistemi də yaratmışıq. Kurrikulumun Avstriyada uğurla tətbiqindən sonra 10-dan çox ölkədə müvafiq təcrübədən istifadə olunub. O cümlədən, Almaniya, Fransa, Polşa, Xorvatiya, Afrikanın bir çox ölkələrində bu proqram tətbiq edilib. Bu yaxınlarda artıq Rusiya ilə də razılığa gəlmişik. Hazırda kurrikulum rus dilinə tərcümə edilib istifadə olunur. Əgər Azərbaycan tərəfinin də bununla bağlı marağı varsa, danışıqlar çərçivəsində biz bu məhsulları buraya gətirə və yerli tələbata uyğunlaşdırıb istifadə edə bilərik".
Həqiqət İSABALAYEVA
17/04/13 Çap et